Zelenski “Maşa və Ayı”nın yaradıcılarına sanksiya tətbiq etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialının yaradıcıları və yayımçılarına qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
Sanksiya siyahısına serialın yaradılması və yayılması ilə əlaqəli beş Rusiya vətəndaşı və dörd təşkilat daxil edilib. Onların arasında cizgi serialını hazırlayan “Animakkord” studiyası, studiyanın təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, rejissoru, prodüseri və hüquq sahibi yer alıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) açıqlamasına görə, “Maşa və Ayı” uşaq məzmunu adı altında Rusiya yönümlü narrativlərin yayılmasında istifadə olunur və Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaradır.
Tətbiq edilən məhdudiyyətlər serialın Ukrayna ərazisində nümayişinin məhdudlaşdırılmasına imkan verir. Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
Bundan əlavə, Zelenski Rusiya rəsmiləri, təbliğatçıları, hərbi-sənaye kompleksi müəssisələri, “Rusal” şirkəti və keçmiş regionalist Yuri İvanyuşenkoya qarşı da yeni sanksiyalar tətbiq edib.
10:34 21.08.2026
Oxunuş sayı: 58