Xərçəngin müalicəsində tarixi addım atıldı
Moderna və Merck şirkətlərinin hazırladığı fərdi mRNT əsaslı xərçəng müalicəsi yüksək riskli melanoma xəstələri üzərində aparılan III mərhələ klinik sınaqda əsas hədəflərə çatıb.
Crossmedia.az xəbər verir ki, xarici KİV bu barədə məlumat yayıb.
“Intismeran” adlı preparat Merck şirkətinin “Keytruda” immunoterapiyası ilə birlikdə tətbiq olunur. Fərdi mRNT vaksini hər bir xəstənin şişindəki genetik mutasiyalar əsasında hazırlanır.
III mərhələ sınağında yüksək riskli melanoma diaqnozu qoyulmuş 1 137 xəstə iştirak edib. Nəticələrə görə, “Intismeran” və “Keytruda” kombinasiyası xəstəliyin təkrarlanması və xərçəngin digər orqanlara yayılması riskini əhəmiyyətli dərəcədə azaldıb.
Daha əvvəl aparılan beşillik müşahidələr zamanı bu müalicə kombinasiyasının xərçəngin təkrarlanması və ya ölüm riskini 49 faiz, xəstəliyin uzaq metastaz verməsi və ya ölüm riskini isə 59 faiz azaltdığı açıqlanmışdı.
Moderna və Merck yaxın aylarda müalicənin tənzimləyici qurumlar tərəfindən təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırır. Preparat hazırda eksperimental mərhələdədir və istifadəyə tam təsdiq verilməyib.
10:31 21.08.2026
Oxunuş sayı: 62