Niyazi irsinə ehtiram: Maestro 114-cü ildönümündə yad olunub
Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.
Crossmedia.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri və bəstəkarlar iştirak ediblər. Sənətkarın məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda Niyazi Tağızadə-Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri qeyd olunub. Bildirilib ki, maestro Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında xüsusi rol oynayıb. Onun yaradıcılığı yalnız Azərbaycan musiqi mədəniyyəti ilə məhdudlaşmayıb, Türk dünyasının musiqi irsinin inkişafına da mühüm töhfələr verib.
Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə Azərbaycan xalq musiqisinin klassik nümunələri olan “Rast” və “Şur”u ilk dəfə nota köçürüb. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan sənətkar 1949-cu ildə yaradıcılığının ən məşhur nümunələrindən biri olan “Rast” simfonik muğamını bəstələyib.
Görkəmli sənətkar müxtəlif illərdə Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına və Nehru adına beynəlxalq mükafata layiq görülüb. O, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi də fəaliyyət göstərib.
Niyazinin Azərbaycan Opera və Balet Teatrında hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb.
Maestro Azərbaycanla yanaşı, xarici ölkələrin səhnələrində də çıxış edib. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasına dirijorluq edib. Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” və Cüzeppe Verdinin “Aida” operalarını, İstanbul Opera və Balet Teatrında isə Əhməd Sayqunun “Koroğlu” operasının ilk tamaşasını və “Yunis Əmrə” oratoriyasını idarə edib.
Niyazi Tağızadə-Hacıbəyov Azərbaycan musiqi tarixində özünəməxsus iz qoymuş sənətkarlardan biri kimi xatirələrdə yaşayır.
Nigar Xəlilli
Nuray Mehtiyeva
12:15 20.08.2026
Oxunuş sayı: 53