Polşada müəmmalı ölüm: Rusiyalı müxalif siyasətçi həyatını itirdi
Polşada 71 yaşlı rusiyalı müxalif siyasətçi və “Xalq Deputatları Qurultayı” iştirakçısı Sergey Vlasenkonun meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Polşanın "Wirtualna Polska" nəşri bu barədə məlumat yayıb.
Vlasenkonun meyitini xaricdən Polşaya qayıdan tanışı Varşavanın Mokotuv rayonundakı mənzilində aşkar edib. Mənzilin qapısı içəridən bağlı olub və tanışı evə eyvandan daxil olub.
Siyasətçinin meyiti məhkəmə-tibb ekspertizası şöbəsinə aparılıb. İlkin məlumata görə, onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi yarılmadan sonra müəyyənləşdiriləcək.
Polşa prokurorluğu ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı araşdırma aparmağı planlaşdırır.
Sergey Vlasenko Rusiyanın Uzaq Şərqində deputat olub. Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən Vlasenko Polşada siyasi sığınacaq alıb.
17:42 18.08.2026
Oxunuş sayı: 51