Audi sürənlər, bu xəbər sizlikdir: Əfsanəvi mühərrik geri qayıdır
Audi-nin 50 ildir istifadə etdiyi beşsilindrli turbo mühərrikin gələcək nəsildə də yaşaya biləcəyi ehtimalı yaranıb.
Crossmedia.az xəbər verir ki, Audi ilk beşsilindrli mühərrikini 1976-cı ildə flaqman 100 modelində təqdim edib. Sonrakı illərdə bu mühərrik Quattro və RS2 kimi məşhur modellərdə də istifadə olunub.
Hazırda beşsilindrli mühərrik yalnız RS3 modelində və Audi-nin qrupdakı tərəfdaşı Cupra-nın Formentor VZ5 modelində istifadə edilir. TT RS və RS Q3 modellərinin istehsalının dayandırılması ilə mühərrikin tətbiq sahəsi daha da məhdudlaşıb.
Avropada qüvvəyə minəcək yeni emissiya tələbləri isə mühərrikin gələcəyini sual altına salıb. Mühərrikin yeni standartlara uyğunlaşdırılması üçün filtr, emissiya sensorları, yanacaq püskürtmə sistemi və katalizatorlarda ciddi dəyişikliklər tələb olunur.
Audi Sport rəhbəri Rolf Michl beşsilindrli mühərrikin markanın tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, mühərrikin gələcəyi ilə bağlı qiymətləndirmələr hələ davam edir və yekun qərar qəbul edilməyib.
Mühərrikin emissiyalarını azaltmaq üçün hibridləşdirmə də mümkün variantlardan biri hesab olunur. Lakin bu yanaşmanın avtomobilin çəkisini və istehsal xərclərini artıracağı bildirilir.
Audi gələcəkdə bu mühərriki daha çox modeldə istifadə etməklə sərmayəni geri qaytarmağa çalışa bilər. Hazırda RS3 və Formentor VZ5 bu mühərrikdən istifadə edən əsas modellərdir. Gələn il Volkswagen Golf R üçün xüsusi versiyada da 2,5 litrlik beşsilindrli mühərrikin tətbiqi ehtimalı müzakirə olunur.
16:44 18.08.2026
Oxunuş sayı: 48