Rusiyada Altsheymer xəstələrinin yaddaşını yaxşılaşdıran yeni üsul sınaqdan keçirilib
Rusiyada Altsheymer xəstəliyinin müalicəsində tətbiq olunan yeni üsul xəstələrin yaddaş, diqqət və digər koqnitiv funksiyalarının yaxşılaşmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə Seçenov Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Seçenov Universitetində ilk dəfə olaraq Altsheymer xəstəliyinin müalicəsində hüceyrədənkənar DNT-nin selektiv plazmasorbsiyası üsulundan istifadə edilib. Pilot klinik tədqiqatın nəticələrinə əsasən, terapiyadan üç ay sonra xəstələrdə yaddaş, diqqət və digər koqnitiv funksiyalarda yaxşılaşma müşahidə olunub.
Yeni üsul qan plazmasının hüceyrədənkənar DNT və neytrofillərin hüceyrədənkənar tələlərindən (NETs) təmizlənməsinə əsaslanır. Alimlərin fikrincə, bu strukturlar xroniki iltihabı dəstəkləyir. Xroniki iltihab isə Altsheymer xəstəliyi zamanı β-amiloidin toplanmasına və neyronların zədələnməsinə səbəb olan mexanizmlərdən biri hesab olunur.
Yeni texnologiya plazmaferezdən fərqli olaraq qan plazmasını tamamilə xaric etmir. Xüsusi sorbsiya kolonu DNT tərkibli strukturları və onlarla əlaqəli iltihab faktorlarını seçici şəkildə özünə bağlayır, qanın digər komponentləri isə saxlanılır.
Tədqiqat çərçivəsində xəstələr iki-üç gün fasilə ilə üç prosedurdan keçiblər. Müalicədən əvvəl və sonra onların yaddaşı, diqqəti, məlumatların emal sürəti və emosional vəziyyəti qiymətləndirilib. Həmçinin MRT müayinəsi və biomarkerlərin analizi aparılıb.
Müalicədən üç ay sonra iştirakçılarda epizodik yaddaş, diqqət, məlumatların emal sürəti və gündəlik fəaliyyət qabiliyyətində yaxşılaşma qeydə alınıb.
Tədqiqat müəllifləri vurğulayıblar ki, söhbət hələlik pilot araşdırmadan gedir. Buna görə də metodun effektivliyi və təhlükəsizliyi daha genişmiqyaslı klinik sınaqlarda təsdiqlənməlidir.
Nəticələr gələcək tədqiqatlarda da təsdiqlənərsə, yeni yanaşma Altsheymer xəstəliyinin inkişafı ilə əlaqəli iltihabi mexanizmlərə təsir göstərən ilk üsullardan birinə çevrilə bilər.
14:37 18.08.2026
Oxunuş sayı: 49