“Türk xalqlarının zəngin musiqi mədəniyyəti onun milli-mənəvi sərvətidir. Tarixən formalaşmış türk xalqlarının melodik təfəkkür sistemi bir çox ümumi cəhətlərə malikdir. Xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri türk xalqlarını ortaq musiqi mədəniyyətinin əsas tərkib hissələridir. Saz, qopuz, dombra, kaman, davul, zurna, balaban, tənbur və çəng kimi türk xalqlarının ortaq telli, nəfəsli və vurmalı musiqi alətləri çox qədim və zəngin bir tarixə malikdir”.
Bu sözləri Crossmedia.az-a müsahibəsində Türkiyənin Kilis 7 Aralık Universitetinin Alaeddin Yavaşça Dövlət Konservatoriyası “Türk musiqisi” kafedrasının müəllimi Ecem Tuğçe Akbulut deyib.
Tarixi prosesin müasir mərhələsində ən müxtəlif sahələrdə olduğu kimi, türk dövlətləri arasında musiqi mədəniyyəti sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən Akbulut, musiqi kollektivlərinin qastrolları, türk dünyası musiqi festivalları, sənətkarların şəxsi yaradıcılıq əlaqələrinin bu inkişafın bariz nümunələri olduğunu bildirib. O, həmçinin mədəni əlaqələrin genişləndirilməsi, türk xalqlarının zəngin musiqi mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycanın bu əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edən Akbulut fikrini bu sözlərlə əsaslandırıb: “44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra dünyanın mədəniyyət incisi Şuşada türk dövlətləri arasında ildən-ilə daha böyük vüsət alan mədəni tədbirlər, türk dövlətləri arasında mədəni əlaqələrin zənginləşməsinə səbəb olur. Bu baxımdan, 2021-ci ildən “Xarıbülbül” musiqi festivalının Şuşanın əsrarəngiz Cıdır düzündə hər il mütəmadi təşkil olunması və bu festivalda müxtəlif türk dövlətlərindən ayrı-ayrı musiqi qrupları və ifaçılarının çıxışları tarixən formalaşmış türk xalqlarının melodik təfəkkür sisteminə yeni çalarlar bəxş edir. Şuşa sözün həqiqi mənasında Türk dünyasının konservatoriyasına çevrilir. Bu əlaqələrin inkişafında ölkələrimizin Mədəniyyət Nazirliklərinin, TÜRKSOY-un və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti böyük əhəmiyyətə malikdir”.
Öz elmi fəaliyyətini maestro Niyazi Tağızadəyə həsr etdiyini qeyd edən musiqişünas alim mövzuyla bağlı bunları söyləyib:
“Hamımıza məlumdur ki, Şuşa şəhəri indiyə qədər yüzlərlə istedadlı insan, dövlət, siyasi və hərbi xadim, alim, filosof, şair-yazıçı, musiqiçi, memar və s. yetişdirmişdir. Azərbaycan tarixində əbədi qalacaq bu görkəmli və nadir istedada malik insanlar məhz bu qədim və füsunkar şəhərdə doğulub, boya-başa çatmış, Şuşanın havasını almış, suyunu içmiş, burada fəaliyyət göstərmişlər. Mən də öz növbəmdə bu prosesə bir töhfə olaraq bu zəngin mədəniyyətin əhəmiyyətli nümayəndələrindən biri kimi dahi Üzeyir Hacıbəyli musiqi məktəbinin layiqli davamçısı maestro Niyazi Tağızadənin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında roluna həsr etmişəm”.
Elmi işimin tərkib hissəsi olan bu mövzuya aid monoqrafiyam 2021-ci ildə Türkiyənin “Net Kitaplık” nəşriyyatında “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adı ilə çap olunmuşdur. Bu kitabda Sovet dövründə Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında maestronun rolu mədəniyyət diplomatiyası kontekstində təhlil olunmuşdur. Həmçinin, Niyazinin bir sənətkar kimi yetişməsində əhəmiyyətli yerə malik olan ailəsinin incəsənət mühiti və, ələlxüsus, əmisi, Azərbaycan musiqisinin atası hesab olunan Üzeyir Hacıbəylinin rolu xüsusi yarımfəsildə tədqiq olunur. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi-nəzərindən geniş şəkildə tədqiq olunduğu bu fəsildə Azərbaycan xalqının və müstəqil Azərbaycan Respublikasının dahi maestronun musiqi mirasına və xatirəsinə verdiyi qiymət faktlar əsasında xüsusi qeyd olunur”.
Bahar Musayeva