Hadisə

Psixoloqlar qeyd edir ki, uşaqlarımıza tərbiyə vermək istəyiriksə, ilk növbədə özümüzü tərbiyə etməliyik; çünki uşaqlar hər zaman valideynlərini izləyir və onlardan nümunə götürürlər. Bu yanaşma, valideynlərin tərbiyə prosesində özlərinə nəzarət etməsinin əhəmiyyətini vurğulayır. Lakin hər birimizə məlumdur ki, bir ailədə eyni şəraitdə böyüyən iki uşaq belə fərqli xarakter və fərqli iradəyə sahib ola bilər. Valideynlər, övladlarının fərqliliklərini nəzərə alaraq, onların hər birinə uyğun yanaşma tapmağa çalışır və onları təhlükələrdən qorumağın yollarını öyrənirlər. Bu proses, kiçik bir cəmiyyət olan ailənin inkişafı üçün də əsasdır.

"Ailə kiçik bir dövlətdir" fəlsəfəsindən yola çıxsaq, belə bir nəticə çıxarmaq olar ki, dövlət də eyni qaydada öz gənclərini qorumalı və dəstəkləməlidir. Gənclərin hər biri fərqli xarakterə sahib ola bilər: birinin iradəsi güclü, digəri zəif; biri çalışqan, digəri tənbəl; biri mərd, digəri qorxaq. Ancaq bütün bu xüsusiyyətlərinə baxmayaraq, gənclərin hamısı bizim gələcəyimizdir. Bu səbəbdən, "Mən öz övladımdan cavabdehəm, digərləri məni maraqlandırmır" yanaşması doğru deyil. Bir çürük meyvə səbətdəki digər meyvələri də korlaya bilər. Bu baxımdan, cəmiyyətdə hər bir gəncin doğru istiqamətə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Məqsədimiz,  sağlam ruhlu, düzgün, ağıllı, savadlı, cəmiyyətimizə xeyirli gənclərin sayını çoxalmasına nail olmaqdır. 

Bu məqaləni yazmaqda məqsədim cəmiyyətimizdə qumar evlərinin sürətlə artması və bunun yaratdığı problemlərə diqqət çəkməkdir. Az qala hər küçədə açılan bu məkanlar gənclər üçün təhlükəli cazibə mərkəzinə çevrilib. Halbuki, kitab evlərinin, mədəniyyət mərkəzlərinin, idman zallarının, şahmat klublarının, musiqi məktəblərinin sayı eyni sürətlə artmır. Gənclərə kitab oxumağı tövsiyə edərkən, bir tərəfdən də qumar evlərinin reklamı edilir... Buradan hansı nəticəni çıxarmalıyıq? Kino və mədəniyyət mərkəzlərinin əlçatanlığını təmin etmədiyimiz, iş yerlərinin sayını artırmadığımız halda, çayxanaların və qumar evlərinin sayının artmasını necə izah edə bilərik? Gənci necə sorğulaya bilərik ki, niyə işləmək yerinə çayxanalarda vaxt keçirir və ya niyə gələcəyini qumar evində axtarır?

Gənclərimizin çoxu bu təsirlərin qurbanı olur və bir çox ailə dağıldıqda günahkar tapılmır. Qumar evləri neçə ailəni atasız, neçə uşağı himayəsiz, neçə gəncin həyatını məhv edib. Hər bir gəncin öz fərdi xüsusiyyətləri var, lakin unutmayaq ki, bütün halları ilə bu gənclər Azərbaycan gəncləridir və onlar bizim gələcəyimizdir. Dövlət, ailə, cəmiyyət olaraq hər birimiz bu məsuliyyəti hiss etməli və gənclərimizin sağlam inkişafı üçün çalışmalıyıq.

Əsli Telmanqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il