İctimai nəqliyyatın inkişafı və ekoloji cəhətdən təmiz həllərin tətbiq edilməsi müasir dövrün ən önəmli məsələlərindən biridir. Dünya miqyasında ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bir çox ölkələr təmiz enerji mənbələrinə keçid etməyi və karbon emissiyalarını azaltmağı qarşıya qoyulan prioritet hədəf hesab edirlər. Bu baxımdan, ölkəmiz də öz növbəsində, ictimai nəqliyyat parkının yenilənməsi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq edən dövlət proqramları həyata keçirir. Karbon qazının emissiyasının azaldılması və nəqliyyatda gələcəkdə elektrikdən daha çox istifadə edilməsi COP29 çərçivəsində də müzakirə edilən məsələlərdəndir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatdakı avtobus parkının yenilənməsi, avtobusların ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi istimar edilməsi dövlət proqramı çərçivəsində həyata keçirilir.
"Burada əsas məsələ atmosferə buraxılan CO2-karbon qazının emissiyasının miqdarının azaldılmasıdır. Biz bir ölkə olaraq 2030-cu ilə qədər qarşımıza hədəf qoyduq ki, bizim ölkəmiz təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməlidir. Əgər məqsəd varsa atmosferə buraxılan zərərli qazların xüsusilə karbon qazının miqdarının azaldılması prosesini həyata keçirəcəyik. Karbon qazı dedik də ilk növbədə iri şəhərlərdə ənənəvi nəqliyyat vasitələri çalışan zaman onların atmosferə buraxdığı qaz ağıla gəlir. Ona görə də benzin və dizellə çalışan avtomobillər, avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə-elektrobuslara çevrilir ki, atmosferə buraxılan karbon qazının miqdarı azaldılsın".
Ekspert sonda elektriklə işləyən avtobusların istismarda olması resurslara, yanacağa qənaət etmək demək olduğunu və bunun daha uzuc başa gəldiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsinin hədəfləndiyini söyləyib.
Banuçiçək Kalbalıyeva