"Baku Harmoniya" Azərbaycanın kənd təsərrüfatının və ərzaq sisteminin transformasiyası üzrə ümumi missiyasına töhfəsidir.
Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Kənd təsərrüfatı həmişə Azərbaycanın tarixində mühüm rol oynayıb. Son məlumatlara görə, əhalinin təxminən 50 faizi kənd yerlərində yaşayır, ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sektoruna aiddir. Bu gün kənd təsərrüfatı məşğulluğu və ərzaq təhlükəsizliyini təmin edən əsas sahədir. "Baku Harmoniya" təşəbbüsü, COP27-də Misirdə həyata keçirilmiş "Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü" və COP28-də BƏƏ-nin "Dayanıqlı kənd təsərrüfatı haqqında Bəyannaməsi" kimi BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əvvəlki təşəbbüslərinin nailiyyətlərinə əsaslanır. Bu təşəbbüslər kənd təsərrüfatı və ərzaq sisteminin transformasiyası üçün möhkəm baza yaradıb.
"Baku Harmoniya" bu ümumi missiyaya töhfəmizdir. O müxtəlif səyləri vahid bir baxışda birləşdirmək məqsədimizi əks etdirir. Bu, daha böyük və daha yaxşı nəticələr əldə etmək üçün birgə iş deməkdir.
Bu təşəbbüs çərçivəsində kənd təsərrüfatı təşəbbüslərini sadələşdirmək niyyətindəyik. Biz elə bir platforma yaratmaq istəyirik ki, fermerlər, siyasətçilər və maraqlı tərəflər bilik mübadiləsi apararaq bir-birindən öyrənsinlər. Bu isə əməkdaşlığı daha asan və effektiv edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.