Yaxın şərq

Yaxın Şərqdə vəziyyət gərginləşməyə davam edir. Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman İsrailin fəaliyyəti haqqında mənfi fikirdədir. Müsəlman və ərəb liderlərinin sammitində çıxış edən şahzadə İsrailin Qəzzadakı hərəkətlərini “soyqırım” kimi pisləyib, eyni zamanda Livan və İrana hücumlarını da tənqid edib. Bu hadisədən sonra İsrail və Səudiyyə Ərəbistanı cəbhəsində siyasi proseslər nə cür inkişaf edəcək? 

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Cross Media Analitik Qrupunun eksperti, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib ki, İsrail-Səudiyyə Ərəbistanı münasibətləri hazırda mürəkkəb bir dövrdən keçir:

“Hər iki ölkə əvvəllər ABŞ-nin vasitəçiliyi ilə münasibətləri normallaşdırmağa yönələn addımlar atmışdı. Bu səylər iqtisadi, texnoloji əməkdaşlıq və ümumi təhlükəsizlik maraqları üzərində qurulmuşdu. Lakin 7 oktyabrda Qəzzada baş verən hadisələr və İsrailin cavab olaraq genişmiqyaslı hərbi əməliyyatları, Səudiyyə Ərəbistanı ilə münasibətlərin gedişatına da ciddi təsir göstərdi. Səudiyyə Ərəbistanının İsrail-Fələstin münaqişəsinə münasibəti ənənəvi olaraq, Fələstinin müstəqilliyi və iki dövlətli həllin dəstəklənməsi üzərində qurulub. Bu mövqe 2002-ci ildə ərəb dövlətlərinin İsraillə əlaqələrini normallaşdırmaq qarşılığında Fələstin torpaqlarının işğaldan azad edilməsini tələb edən Ərəb Sülh Təşəbbüsündə də əks olunub”.

V.Zifəroğlu 2023-cü ilin oktyabrında Qəzzada başlayan münaqişələrdən sonra Səudiyyə Ərəbistanının Fələstin məsələsində daha sərt mövqe nümayiş etdirməyə başladığını qeyd edib:

“Riyad İsrailin hərbi əməliyyatlarını tənqid edərək, Fələstin xalqına dəstəyini ifadə etdi və Fələstin münaqişəsi həll olunmadan İsraillə tam diplomatik əlaqələrin qurulmayacağını bildirdi. Eyni zamanda, Səudiyyə Ərəbistanı beynəlxalq arenada, xüsusən də BMT və digər təşkilatlarda Fələstin probleminə diqqət çəkmək üçün aktiv diplomatik səylər göstərir. Vurğulamaq lazımdır ki, Riyadın bu mövqeyi, Səudiyyə Ərəbistanının İslam dünyasında təsirini qorumaq və eyni zamanda ABŞ-nin dəstəyini saxlamaq səyləri ilə də uyğunlaşır. Səudiyyə Ərəbistanı bu balansı qoruyaraq, həm Fələstin xalqına dəstəyini göstərmək, həm də İsrail ilə gələcək potensial münasibətləri nəzərdən keçirmək istəyir. Səudiyyə Ərəbistanı digər regional oyunçular və xüsusilə İranla münasibətlərində də balans saxlayaraq, ABŞ-nin dəstəyini qazanmağa çalışır”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il