Cənubi Qafqaz

İran və Ermənistan arasında iqtisadi, siyasi əməkdaşlıq məsələləri müzakirə olunur, müəyyən çalışmalar gerçəkləşdirilir. Lakin hər iki ölkənin genişmiqyaslı layihələri maliyyələşdirmə imkanları məhduddur. Həmçinin, İran son illərdə analitik mərkəzlər vasitəsilə də Ermənistanla əlaqələrini daha da gücləndirərək, regiondakı siyasi və təhlükəsizlik məsələlərində qarşılıqlı əməkdaşlıq və təhlillər aparmağı hədəfləyir. Tehran, bu yolla Ermənistanın mövqeyini daha yaxşı anlamaq və öz maraqlarını müdafiə etmək istəyir. Baş verən regional güc oyunları, Azərbaycan və Türkiyə ilə münasibətlərdəki gərginliklər, ölkələrarası əməkdaşlığını daha da çətinləşməsinə gətirib çıxarır. İranla Ermənistan arasında analitiklər səviyyəsində əməkdaşlıq cəhdlərini, bu çalışmaların doğura biləcəyi nəticələri ekspertlərlə müzakirə etdik.

Məsələ ilə bağlı Cross Media Analitik Qrupunun eksperti, Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, belə görüşlər əslində rəsmi və ya qeyri-rəsmi formatda mütəmadi şəkildə keçirilir. Hazırda tədbir çərçivəsində baş tutan bu görüşlərdə əsas məqsəd Tehranın Ermənistanın mövqeyini özü üçün aydınlaşdırması, həmçinin bölgədə baş verən proseslərlə bağlı rəsmi İrəvanın ata biləcəyi addımları müəyyənləşdirməkdir. 

Onun sözlərinə görə, İrəvanın birtərəfli Qərbyönümlü mövqeyi Tehranı narahat edir və onlar vəziyyətə maksimum aydınlıq gətirilməsini tələb etməklə yanaşı, eyni zamanda erməni tərəfindən müəyyən qarantiyalar da gözləyirlər:

“Təsadüfi deyil ki, “bəzi qonşuların” fəaliyyəti, Qarabağ, Azərbaycanla sülh danışıqları və iki ölkə arasında dəhliz əməkdaşlığına dair məsələlər başlıca müzakirə mövzusu olub. Şübhəsiz ki, burada “bəzi qonşular” deyildikdə Azərbaycan və Türkiyə nəzərdə tutulur. Tehran eyni zamanda bu görüşlər vasitəsilə, yəni beyin mərkəzlərinin nümayəndələrinin dili ilə bir daha baş verən proseslərlə bağlı mövqeyini rəsmi İrəvanın diqqətinə çatdırır”.

V.Zifəroğlu həmçinin onu da vurğulayıb ki, Ermənistan və İran arasındakı analitik mərkəzlər və düşüncə qurumları arasındakı əlaqələr son illərdə daha da güclənib və qarşılıqlı əməkdaşlıq artıb. Bu əlaqələr bir neçə əsas sahədə, o cümlədən siyasi və strateji təhlil, iqtisadi və ticarət əməkdaşlığı, təhlükəsizlik və müdafiə, mədəni və dini əlaqələr, regionda baş verən yeniliklər və müştərək fəaliyyətlər, araşdırmalar istiqamətində əməkdaşlıq və müştərək tədqiqatlarda iştirakda özünü göstərir:

“İranın nüfuzlu analitik mərkəzləri, məsələn, Tehran Universitetinin Tədqiqat Mərkəzi və ya İran Xarici Siyasət İnstitutu (IPIS), Qafqazdakı siyasi vəziyyət barədə təhlillər təqdim edir ki, bu da Ermənistanın maraqları ilə üst-üstə düşür. Ermənistanın analitik qurumları, məsələn, Ermənistanın Strateji Tədqiqatlar İnstitutu (SSI), Azərbaycanın və Türkiyənin siyasətinə, eləcə də İranla münasibətlərə dair dərin araşdırmalar aparır. Bundan əlavə, İranın Ermənistana enerji və qaz tədarükü, Ermənistanın İran bazarına çıxışı və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üzrə də tədqiqatlar aparılmaqdadır”.

Son olaraq V.Zifəroğlu Ermənistan və İranın təhlükəsizlik məsələlərində də sıx əlaqələr saxladığını diqqətə çatdırıb: 

“İranın analitik mərkəzləri də Ermənistanın və digər Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik problemləri üzrə təhlil və proqnozlar hazırlamaqda davam edir. Ermənistanın analitik mərkəzləri isə öz növbəsində İranın təhlükəsizlik siyasətini təhlil edir və regiondakı təhlükəsizlik məsələlərini müzakirə edir”.

Mövzu ilə bağlı siyasi analitik Elxan Şahinoğlu da Crossmedia.az-a açıqlaması zamanı öz fikirlərini bildirib:

“Uzun illərdir iki ölkə arasında nəqliyyat yollarının çəkilməsi, körpülərin tikilməsi barədə müzakirələr aparılır, lakin bu layihələr reallaşmayıb. Bunun əsas səbəbi, İran və Ermənistanın bu cür layihələrə maliyyə ayıracaq əlavə resurslara sahib olmamasıdır. Üstəlik, iki ölkə arasında mövcud olan ticarət əlaqələri üçün xüsusi böyük layihələrə də ehtiyac yoxdur. Doğrudur, İranın buradakı məqsədi Ermənistan üzərindən Gürcüstan və Avropa bazarlarına çıxış əldə etmək ola bilər. Ermənistan isə əksinə, yük daşımalarını İran üzərindən Asiyaya yönəltməyi planlaşdırır. Lakin bunlar hələ yalnız plan olaraq qalır və indiki şəraitdə reallaşması mümkün görünmür. Çünki İran və Ermənistan, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsindən faydalanmağı ümid etsələr də, burada əsas rol oynayan ölkə Azərbaycandır. Rusiya da Azərbaycan marşrutlarından istifadə edir. Azərbaycan nəqliyyat yollarının infrastrukturunun yenilənməsi, dəmir yollarının çəkilməsi kimi bu və digər sahələrə  böyük investisiyalar qoyub”.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanda belə imkanlar yoxdur. Yeni yolların çəkilməsi üçün milyonlarla dollar vəsait tələb olunur ki, bunu nə İran, nə də Ermənistan hökuməti maliyyələşdirə bilər:

“Buna görə də, İran və Ermənistanın iqtisadi əlaqələri yalnız bu iki ölkə ilə məhdudlaşır. Ermənistan bazarı isə çox böyük deyil, bu səbəbdən İran burada böyük gəlirlər əldə etmir və ya əksinə, Ermənistan İranla ticarətindən böyük fayda götürməyə imkan tapmır. Hazırda Ermənistan İrandan yalnız qaz alır və məhdud miqdarda məhsul ixrac edir”.

E.Şahinoğlu həmçinin vurğulayıb ki, “Sülh qovşağı” ideyası baş nazir Nikol Paşinyana məxsusdur və bu ideya, bütün nəqliyyat yollarının açılmasını və Ermənistanın regional layihələrə qatılmasını təmin etmək məqsədi güdür. Lakin Azərbaycan bu fikrə qarşıdır: 

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, konstitusiyasında müvafiq dəyişikliklər etməli və Azərbaycanla sülh sazişi imzalamalıdır ki, bütün regional layihələrə qoşula bilsin. Paşinyan özü də etiraf edib ki, Ermənistan nəqliyyat imkanlarının 70%-dən istifadə edə bilmir, çünki Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmayıb. Münasibətləri normallaşdırmaq üçün isə Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarından imtina etməlidir. Bu olmadan Ermənistan nə regional layihələrə qoşula bilər, nə də Paşinyanın elan etdiyi “sülh qovşağı” ideyası reallaşa bilər”.

Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrlə, o cümlədən İranla əməkdaşlıq edərkən, Ermənistanla əməkdaşlıq məsələsini ön plana çıxarmır. Gürcüstanın Ermənistanla əməkdaşlığı olsa da, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın ərazisindən keçən çoxsaylı nəqliyyat və boru xətləri Gürcüstandan keçir. İranla da iqtisadi əlaqələr mövcuddur. Hazırda Araz Nəqliyyat Dəhlizinin çəkilməsi və körpülərin tikilməsi nəzərdə tutulur:

“Bəli, İranın siyasətinə dair bizim ciddi suallarımız olsa da, iqtisadi əməkdaşlıq davam edir və biz İranın Ermənistanla iqtisadi əlaqələrinin nə qədər dərin olduğu ilə çox maraqlanmırıq. Çünki Cənubi Qafqazın əsas açar dövləti Azərbaycandır. Eləcə də, regionun əsas resursları da Azərbaycanda cəmləşib. Hər hansı bir dövlət, Cənubi Qafqazla əməkdaşlıq edərkən Azərbaycanla olan əlaqələri ön planda tutmalıdır. İranın müxtəlif qüvvələri Ermənistanla sıx əlaqələr qurmağa çalışsalar da, əsas faydalı əməkdaşlıq Azərbaycanla əlaqələrə bağlıdır. Məsələn, Şimal-Cənub Nəqliyyat Dəhlizi hazırda Ermənistandan deyil, Azərbaycandan keçir və Rusiya da Azərbaycan marşrutuna üstünlük verir. Buna görə də, Azərbaycan İranla siyasi və iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdır ki, İrandakı dairələr Azərbaycanın daxili işlərinə qarışmasın və Azərbaycana qarşı ittihamlar irəli sürməsin”.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il