Cənubi Qafqaz

Yaxın günlərdə Amerikalılar ABŞ-nin 47-ci prezidenti olaraq Donald Trampı seçdilər. İstər seçkilərdən öncə, istərsə də seçkilər ərəfəsində Tramp, dünyada sülhün bərqərar olmasına şərait yaradacağı, xüsusilə də Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün danışıqlar yolunu tapacağı ilə bağlı bir sıra vədlər verdi. Lakin Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl Bayden ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməsinə icazə vermişdi ki, hazırda baş verən hakimiyyət dəyişiklikləri və Trampın vədləri bu baxımdan ağıllarda sual doğurur. Maraqlıdır, hazırda sözügedən qərar kürsüsünü yenidən ələ alan Trampın dövrü üçün də keçərlidirmi?

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin proyektinin müəllifi Birləşmiş Ştatlardır və bu baxımdan da Demokratlar Partiyasında kimin hakimiyyətə gəlməsi fərq etmir:

"Faktdır ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin kritik həddə gəlməsinə səbəb, başda Birləşmiş Ştatlar olmaqla, Qərb koalisiyasının münaqişənin həllinə yox, alovlandırılmasına köklənmələridir. Belə bir siyasət həyata keçirildiyi üçün nəticə etibarilə, Ukrayna bu proseslərdə məğlubiyyətə uğrayır və tək Ukrayna yox, ümumilikdə NATO bloku məğlubiyyətə uğramaqdadır. Sözügedən münaqişənin baş verməsi dünyanın iqtisadi-siyasi sisteminə kökündən təsir etdiyi üçün münaqişə nə qədər uzanacaqsa, bu xaos da bir o qədər davam edəcəkdir. Məhz elə bu baxımdan da təsadüfi deyil ki, münaqişənin pik həddə yetişməsi üçün Zelenskiyə uzaqmənzilli raketlərdən istifadə, Rusiya dərinliklərinə zərbələr endirmək icazəsi verilib. Bu qərarı isə, başda Birləşmiş Ştatlar olmaqla Fransa və Böyük Britaniya dəstəkləyiblər. Əgər Zelenski, uzaq mənzilli raketlərdən istifadə edə, Rusiyanın dərinliklərinə zərbə endirə və kritik həddə çatarsa, bu NATO blokunun rəsmi şəkildə münaqişədə iştirakının təsdiqlənməsi deməkdir. Belə olan təqdirdə Rusiya taktiki nüvə silahından da istifadə edə bilər. Bu da öz növbəsində, Ukrayna ilə yanaşı, Avropa və bəşəriyyət üçün daha çox fəsadlara gətirib çıxara bilər".

Sözügedən qərarın Trampın Rusiya-Ukrayna müharibəsinə olan münasibətində təsirinə gəlincə isə, politoloq əlavə edib ki, Baydenin hakimiyyətdən getdiyi bir zamanda demokratların respublikaçılara olan məğlubiyyəti, Trampın iki aydan sonra andiçmə prosesi ilə tam rəsmi şəkildə hakimiyyətə gəlməsi bir faktdır və eləcə də demokratları qıcıqlandıran məqamlardandır:

"Bu baxımdan da onlar belə bir şərait yaradaraq, hakimiyyəti respublikaçılara daha gərgin bir vəziyyətdə təhvil vermək istəyirlər. Lakin Tramp hakimiyyətə gəlməzdən öncə münaqişəni qısa bir müddətdə həll edəcəyinə dair bəyanatlar verib. Respublikaçılar və demokratlardan hakimiyyətdə kimin olmasında isə o qədər də ciddi fərq yoxdur. Sadəcə olaraq, hər birinin əsas məqsədi, Amerikan imperatorluğunu qorumaqdır. Belə ki, Bayden hakimiyyəti, yəni demokratlar təzyiq, hərbi münaqişə formasında Amerika imperatorluğunu qoruyub, inkişaf etdirmək istəyirlərsə, Tramp isə bir respublikaçı və biznesmen olaraq başqa təfəkkürlüdür. O, daha çox hakimiyyəti iqtisadi maraqlar üzərində qorumağa köklənir. Lakin unutmayaq ki, belə bir məqamda demokratları əsas dəstəkləyən Amerika hərbi sənaye kompleksidir və bununlada onlar, dünyada nə qədər münaqişə olursa, bir o qədər silah satışı ilə gəlir əldə edirlər".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il