G20 ölkələrinin liderləri BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab ediblər. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammitinin yekun bəyannaməsində, beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rolunun gücləndirilməsi vurğulanıb. Liderlər, xüsusilə Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrinin daha çox təmsil olunmasının vacibliyini qeyd ediblər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, əgər bu islahatlar həyata keçirilərsə, qeyri-Avropa ölkələrinin, xüsusilə də Çini çıxmaq şərtilə,BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin üstünlüyünə qarşı çıxmağa başladığını görə bilərik. Hazırda Təhlükəsizlik Şurasının beş daimi üzvü əsasən Qərb ölkələrindən ibarətdir. İslahatlar nəticəsində Asiya və Afrika ölkələrinin qlobal problemlərin həllində təsir imkanlarının artması gözlənilir.
Politoloq həmçinin qeyd edib ki, Təhlükəsizlik Şurasına üzv ölkələr arasında iqtisadi, hərbi və siyasi maraq toqquşmaları mövcuddur. Bu toqquşmalar qlobal problemlərin əsas səbəblərindən biri hesab olunur. Buna görə həm Təhlükəsizlik Şurasında, həm də Baş Assambleyada islahatların aparılması zərurətə çevrilib.
Ancaq Məmmədovun fikrincə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu islahatlara razılıq verməsi ehtimalı azdır. Onlar mövcud şəraitdə öz milli maraqlarına uyğun qərarlar qəbul etməyə davam edirlər. Bu isə Təhlükəsizlik Şurasının təsirli fəaliyyətinə mane olur.
Dünyadakı xaos və böhran vəziyyətinə diqqət çəkən politoloq, mövcud şəraitin davam edə bilməyəcəyini vurğulayaraq bildirib ki, BMT ciddi islahatlar keçirməli və öz üzərinə düşən vəzifələri daha effektiv şəkildə yerinə yetirməlidir. Hazırkı müharibələr və qeyri-sabitlik qlobal miqyasda təcili addımların atılmasını tələb edir.
Nihat Tahirov