Amerika

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən son prezident seçkilərinin nəticəsi həm ölkə daxilində, həm də dünya miqyasında geniş əks-səda doğurdu. Bu seçimin səbəbləri, Trampın yenidən prezidentliyə qayıdışının daxili və xarici siyasətdə nə kimi dəyişikliklərə yol aça biləcəyi, həmçinin ABŞ cəmiyyətinə və qlobal münasibətlərə olan təsiri müzakirə olunan əsas məsələlərdəndir. 

Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Donald Trampın ABŞ-də prezident seçilməsi gözlənilən bir məsələ idi:

"Çünki, Kamala Harris ilə birgə seçkilərə qatılması, səsvermə, seçkilərin ilkin nəticələri ilə bağlı rəy sorğuları, eləcə də son səsvermələr göstərirdi ki, onlar müəyyən ştatlarda biri digərini ötməklə davam edirlər. Ancaq ümumilikdə götürdükdə, bildiyimiz kimi, ictimai rəy özü dayanıqlı bir məsələ deyil. Bu, hər gün dəyişə bilər və qeyri-sabit struktura malikdir. Əsas məsələ təşkilatların ictimai rəyi sosioloji təhlili baxımından araşdırmasıdır. Əgər ABŞ-də keçirilən seçkiləri izləsək, ilk növbədə aydın olur ki, ölkənin ən mühüm təşkilatları, qlobal böyük korporasiyalar bu sahədə yalnız iqtisadi deyil, həm də siyasi, mədəni digər zəmində də Trampı dəstəkləməyə daha real idi. Bu təşkilatlar seçki zamanı öz dəstəklərini məhz Donald Trampa ifadə edirdilər və bütün bunlar da seçkilərin nəticələrinin onun xeyrinə dəyişməsinə səbəb olurdu".

Siyasi şərhçi hesab edir ki, Bayden tərəfindən Trampın və onun seçicilərinin ünvanına səsləndirilən qara piar halları Trampın seçici dəstəyinin artmasına səbəb oldu. Respublikaçıları konservativ adlandırsalar da, bu o demək deyil ki, onlar yalnız konservativ maraqlardan çıxış edirlər. Onlar da yeniliklərlə dolu siyasi platformalar təqdim edirlər:

"Lakin bir məsələ aydındır ki, Amerkanın siyasəti demokratiya və s. kimi amillərin dünyaya ixracı dövrü yox başqa bir yeni dövrün formalaşmasına daha çox meyillidir. 

Trampın müharibələrin dayandırılması, sabitliyin təmin edilməsi kimi vədləri var. Bu, Amerikanın siyasətinin hansı istiqamətdə inkişaf edəcəyinə dair təxminlərə yol açır. Yanvar ayının sonlarından etibarən onun hansı addımları atacağını daha real şəkildə görəcəyik. Hazırda ABŞ-nin 47-ci prezidentinin  gələcək siyasəti  ilə bağlı dəqiq bir proqnoz vermək çətindir. Seçki dövründə verilən vədlər həmişə reallıqla üst-üstə düşməyə bilər. Dünyanın digər dövlətlərinin və Amerkanın keçmiş prezidentlərinin təcrübəsi də göstərir ki, seçki dövründə aparılan təbliğat və şüarlar daha çox nəzəri əsaslı olur, praktiki qərarlar isə inaqurasiyadan sonra ortaya çıxır.
Donald Trampın seçkilər zamanı seçici aktivliyini artırması və dünyada öz rolunu və populyarlığını vurğulaması hələ tam reallıq kimi qəbul edilə bilməz. Bu baxımdan, yanvardan sonra Amerkanın dünya siyasətində hansı rolu oynayacağı əsas məsələlərdən biridir".

Müsahibin sözlərinə görə, ABŞ-nin Avropa ilə münasibətlərində və Rusiyaya qarşı siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilir. Mümkündür ki, Rusiya ilə münasibətlərdə ABŞ daha isti bir siyasət yürüdəcək, amma Qərbi Avropa ilə münasibətlərdə daha soyuqqanlı davranışlar müşahidə ediləcək:

"Cənubi Qafqazla bağlı Amerkanın mövqeyi isə Avropanın bəzi dövlətlərinin əsassız müdaxiləsinin zəifləməsinə səbəb ola bilər. Bütün bunlar göstərir ki, Donald Trampın yanvar ayından ABŞ siyasətində önə çıxması gözlənilir və dünyanın qlobal siyasi xəritəsində müsbət dəyişikliklər ola bilər. Bu, Cənubi Qafqaz üçün də müsbət tendensiyalara səbəb ola bilər və Azərbaycanın ətrafında olan dövlətlərlə münasibətlərdə müəyyən istiləşmələr müşahidə oluna bilər. Yeganə olaraq, İran məsələsində Trampın mövqelərinin əvvəlki kimi qalacağı gözlənilir və bu məsələdə dəyişiklik ehtimalı azdır.

Dünyada davam edən informasiya müharibəsi və münaqişələrin genişlənməsi yeni dünya düzəninin formalaşmasına təsir edə bilər və bu proses ABŞ-nin 47-ci prezidentinin dövrünə təsadüf edir. Bu seçki dövrü müsbət tarixi hadisələrlə yadda qala bilər".

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il