Payız və qış aylarında mövsümi xəstəliklərlə mübarizə çox vacibdir. Çünki havaların soyuması ilə qrip, soyuqdəymə və s. infeksiyalar daha tez yayılır. Bu xəstəliklərdən qorunmaq üçün immuniteti güclü saxlamaq, gigiyena qaydalarına riayət etmək, yuxu rejiminin qaydaya salınması və təmiz havada olmaq tövsiyə olunur. Bu tədbirlər xəstəliklərə qarşı müdafiə üçün əhəmiyyətlidir və bu riski azaldır.
Məsələ ilə bağlı yoluxucu xəstəliklər üzrə mütəxəssis Mərdan Əliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, infeksion xəstəliklər, törədicisi olan xəstəliklərdir. Bu törədicilər vasitəsilə virus bir şəxsdən digər şəxsə yoluxur, buna görə də, həmin xəstəliklər yoluxucu xəstəliklər sayılır. Həmin törədicilər daha əlverişli şəraitə düşdükdə çoxalmağa başlayır. Bu da insanlarda xəstələnmə hallarının artmasına səbəb olur.
Bəzi infeksiyalar isə daha çox yay fəslində yayılmağa meylli olur. Məsələn, yay fəslində zəhərlənmələr, bağırsaq infeksiyaları, diareyaların daha çox şahidi oluruq. Payız-qış mövsümündə isə havaların soyuması insanların evə çəkilməsi, otaqlarda havalandırmanın olmaması, günəşin aktivliyinin azalması, fəsil dəyişkənliyi kimi hallar immun sisteminin zəifləməsi və virus infeksiyalarına qarşı həssaslığın artmasına, kəskin respirator virus infeksiyalarının yaranmasına gətirib çıxarır.
Kəskin respirator virus infeksiyaları nədir?
Kəskin respirator virus kəskin tənəffüs yolu infeksiyalarıdır. Bunların içində ən çox tanınanı qripdir. Burun axması, burun tutulması, boğaz ağrısı, öskürək, qızdırma kimi hallara səbəb olur. Bu əlamətlər hava damcı yolu ilə yoluxan ortaq simptomlardır.
M.Əliyev qeyd edib ki, əgər virus infeksiyasından söhbət gedirsə, mövsümi xəstəliklər zamanı antibiotiklərdən istifadə halı doğru deyil. Çünki kəskin respirator infeksiyaları əsasən, viruslar tərəfindən törədilir. Buna görə də, antibiotiklərdən istifadəyə ehtiyac qalmır. Antibiotiklər viruslara təsir etmir, onlar bakterial infeksiyalarla mübarizədə daha faydalıdır. Kəskin respirator virus infeksiyalarında, xüsusən qripdə bəzən ikili bakterial ağırlaşmalar ola bilər. Belə hallar müşahidə edildikdə, antibiotik istifadə etmək lazımdır. Antibiotik qəbulu daha çox immun sistemi zəif olan şəxslərə ehtiyac ola bilər.
Mütəxəssisin sözlərinə görə, antibiotiklər ciddi yan təsirləri olan, insan gələcəyində müəyyən fəsadların yaranmasın gətirib çıxaran zərərli dərmanlardır. Bu səbəbdən antibiotiklərdən istifadə mütləq həkim təyinatı əsasında aparılmalıdır.
Aytac Bəhruzqızı