Sağlamlıq

Həyatın qarşımıza çıxardığı çətinliklər əksər hallarda gözlənilməz və qaçılmazdır. Bu çətinliklər iki əsas növdə qarşımıza çıxır: mənəvi və fiziki. Mənəvi çətinliklər, insanın daxili dünyasında böyük bir sarsıntı yaradaraq, onun emosional vəziyyətinə dərindən təsir edir. Amma bilirsinizmi, bu çətinliklərə qalib gəlmək üçün təsirli metodlar var? Hətta ən çətin anlarda belə, mənəvi dözümlülüyünüzü artırmaq və güclü qalmaq mümkündür. Bu yazıda mənəvi çətinliklərlə mübarizə aparmaq üçün istifadə edə biləcəyiniz maraqlı və təsirli üsullardan bəhs edəcəyik.

Mövzu ilə bağlı şəxsiyyət psixoloqu Elçin Həna fikirlərini Crossmedia.az-a bildirib:

“Çətinliklər ümumi olaraq iki cür olur: mənəvi və fiziki. Mənəvi çətinliklərə, sıxıntılara qarşı dözümlü olmağın bir neçə metodu var.
Fərqindəlik, mənəvi çətinliklərin səbəblərini və beyində və orqanizmdə gedən prosesləri anlamağa kömək edir. Bu, sıxıntı ilə mübarizə aparmaq və ya onun yaranmamasına nail olmaq üçün vacibdir. Sükut isə bir neçə gün və ya həftəlik tam sükutda qalmaq (meditasiya mərkəzlərində və ya tək başına) mənəvi dərinliyə çatmağa, daxili səslə üzləşməyə və daxili gücü artırmağa kömək edir.
İnanc da mühüm rol oynayır. Fövqəl gücə, Tanrıya güclü inam və güvən mənəvi çətinliklərlə mübarizədə ən güclü silahlardan biridir. Bu inancı ziyarətlər dəstəkləyir. Müqəddəs və ya simvolik məkanları ziyarət etmək (məsələn, məscid, kilsə, təbiət məbədləri) mənəvi yenilənmə hissi yarada bilər. Daxili məşvərət metodu da faydalıdır”.


Şəxsiyyət psixoloqu bildirdi ki, çətin vəziyyətdə özünüzlə iki fərqli şəxs kimi danışın:

“Biri məsləhət verən, digəri dinləyən şəxs kimi danışın. Bu, daxili dialoqu idarə etməyə və problemin kökünü daha yaxşı anlamağa kömək edir. Simvolik azadlıq ritualı isə keçmiş çətinlikləri və ya mənəvi yükü azad etmək üçün ritual icra etməkdir. Məsələn, problemlərinizi yazıb yandırmaq və ya mənfi enerjini "axıtmaq" üçün təbiətlə əlaqə qurmaq kimi.

Başqa birinə kömək etmək də mənəvi gücü artırır. Kimsəsizlərə, xəstələrə və ya ehtiyacı olanlara könüllü yardım etmək öz problemlərinizi kiçik və ya daha idarə olunan hiss etməyə kömək edir. Məna və məqsədin axtarışı (Logoterapiya yanaşması) çətinliklərə baxmayaraq həyatınızda məqsəd axtarmağı və hər çətinliyi "Bu nəyə xidmət edir?" sualı ilə sorğulamağı əhatə edir.

Meditasiya mənəvi çətinliklərlə mübarizədə əvəzolunmaz nəticələr verir. Təbii elementlərlə bağ qurmaq da vacibdir. Meşədə ağaclara toxunmaq, axan suyu izləmək və ya torpağı hiss etmək mənəvi yüklərdən qurtulmağa kömək edə bilər. Təbii dünya ilə bağ qurmaq insana kosmik balans hissi bəxş edir.

Musiqi və rəqs də mənəvi təmizlənmə və güclənməyə səbəb ola bilər. Spiritual musiqi dinləmək və ya rəqs etmək ruhən sıxıntılı olduğunuz zaman rahatlıq gətirə bilər. Səyahət isə daim olduğunuz yerlərdən fərqli məkanlara getmək, yeni yerlər və insanlar kəşf etmək, macəralar yaşamaq mənəvi rahatlıq verən şeylərdəndir”.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il