Dövlət İmtahan Mərkəzinin (DİM) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin xarici dil fənnini tədris edən bir qrup müəllimi ilə görüş keçirilib.
Crossmedia.az DİM-ə istinadən bildirir ki, görüşün məqsədi fənn proqramları və yeni tipli test tapşırığı nümunələrinin pedaqoji heyətə təqdim edilməsi olub.
Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva yeni qiymətləndirmə modelini və xarici dillərin tədrisinə qoyulan müasir tələbləri nəzərə alaraq, Mərkəzdə xarici dillər üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında tətbiq olunan yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarının fəaliyyəti haqqında geniş məlumat verib.
Dövlət dili və xarici dillər üzrə şöbə müdiri Könül Hacıyeva DİM-in xarici dillərin tədrisinə qoyulan müasir tələbləri nəzərə alaraq bir sıra tədqiqat əsaslı layihələr həyata keçirdiyini və statistik araşdırmalar apardığını qeyd edib. O, həmçinin əldə olunan nəticələrə əsasən ümumi və tam orta təhsil səviyyələrində yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun attestasiyası zamanı xarici dil blokunun dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin müvafiq səviyyələrinə uyğunlaşdırılmasına zərurət yarandığını və bu gün orta məktəb şagirdlərinin yekun attestasiya nəticələrinin ildən-ilə müsbət istiqamətdə dəyişdiyini, onların açıq sualların cavablandırması üzrə faiz göstəricilərinin artması faktlarını vurğulayıb.
Görüşdə iştirak edən xarici dil fənləri üzrə DİM-in işçi qruplarının rəhbərləri fənn proqramlarına edilmiş dəyişikliklər barəsində geniş məlumat veriblər.
Daha sonra ümumi orta təhsil səviyyəsi üzrə imtahan modelinə edilmiş dəyişiklik haqqında məlumat verilib, həmçinin ilk dəfə ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil blokunda tətbiq olunacaq üç ardıcıl şəkil əsasında hekayə qurmaq, yəni yazı bacarıqlarını yoxlayan yeni tipli tapşırıq modeli və qiymətləndirmə meyarları təqdim edilib.
Görüş zamanı 2023-cü ildə Mərkəz tərəfindən keçirilmiş pilot imtahanda iştirak etmiş şagirdlərin yazı nümunələri əsasında iştirakçılar tərəfindən interaktiv formada qiymətləndirmə aparılıb və bu qiymətləndirmə müzakirə edilib, həmçinin müəllimləri maraqlandıran suallar cavablandırılıb.