Çarpaz baxış

Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunda çıxışı zamanı Rusiya-Ukrayna münasibətləri barədə bəyanat verib. O, Ukrayna sərhədlərini SSRİ-nin dağılmasından sonra əldə edilən razılaşmalar çərçivəsində tanıdıqlarını bildirib. Putin vurğulayıb ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxilə etməyib və əksinə, konfliktin yayılmasının qarşısını almağa çalışıb.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev qeyd edir ki, SSRİ dağıldıqdan sonra Rusiya-Ukrayna münasibətləri yeni mərhələyə qədəm qoymuş və hər iki tərəf arasında mühüm razılaşmalar əldə edilmişdi. Bu çərçivədə Rusiya Krımı Ukraynadan ayırmamağa, Ukrayna isə NATO və Qərbə inteqrasiya etməməyə dair təminat vermişdi. Əmrəliyev vurğulayıb ki, bu razılaşmalar Rusiya üçün Ukraynanın strateji əhəmiyyətini qorumaq məqsədilə vacib idi.

Politoloqun sözlərinə görə, 2000-ci illərin ortalarından etibarən Ukraynanın Qərbə yaxınlaşmaq cəhdləri, xüsusilə “Narıncı İnqilab” və 2014-cü ilin Maydan hadisələri nəticəsində Rusiya-Ukrayna münasibətləri gərginləşib. Həmin dövrdə Krımın Rusiya tərəfindən ilhaqı və Donetsk ilə Luqanskda separatçı hərəkətlərin başlaması iki ölkə arasındakı mövcud vəziyyəti daha da çətinləşdirib.

Putinin son çıxışına əsaslanaraq Əmrəliyev bildirir ki, əgər Ukrayna Qərblə yaxınlaşma siyasətindən imtina edərsə, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını nəzərdən keçirə bilər. Lakin bu, Krım və Donbas kimi ərazilərdən geri çəkilməni əhatə edərmi, sualı açıq qalır. Çünki Rusiya bir sıra postsovet ölkələrində, o cümlədən Abxaziya və Cənubi Osetiyada da bənzər mövqeyi qoruyub saxlayır.

Politoloqun fikrincə, yaxın gələcəkdə genişmiqyaslı sülh danışıqları və ya tərəflər arasında razılaşma gözlənilmir, xüsusilə də mövcud Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya rəhbərliyi arasında mövcud gərginlik fonunda. Ancaq ABŞ-da potensial prezident dəyişikliyi, xüsusilə Donald Trampın hakimiyyətə gəlməsi, Rusiya və Ukrayna arasında müəyyən atəşkəs razılaşmalarının əldə olunması mümkün ola bilər.
Putinin çıxışında SSRİ-nin dağılmasından sonra müəyyənləşdirilən sərhədləri tanımağa hazır olduğunu ifadə etməsi, Donetsk, Luqansk, Zaporojye və Krımın Ukrayna ərazisinə daxil olduğunu qəbul etməsi kimi şərh edilə bilər. Lakin bu mövqenin icrasının yalnız Ukraynanın Qərbə inteqrasiya siyasətindən vaz keçməsi ilə mümkün ola biləcəyi vurğulanır.

Əmrəliyev, Rusiya və Ukrayna arasında dialoqun başlatılmasının və sülhə nail olunmasının hər iki ölkə üçün daha faydalı olduğunu, uzanan müharibənin isə hər iki tərəf üçün böyük zərərlərə səbəb ola biləcəyini bildirib.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il