Namus adı altında qadınların öldürülməsi cəmiyyətdə mövcud olan ciddi sosial problemlərdən biridir. Bəzi ailələrdə və cəmiyyətlərdə namus və şərəf anlayışları qadınların həyatına məhdudiyyətlər qoyulmasına səbəb olur. Bu məhdudiyyətlər pozulduqda isə qadınlar bəzən həyatlarını itirir. Bəs, mütəxəssislər bu mövzu barəsində nə deyir?
Mövzu ilə bağlı teletənqidçi Nəmənd Rüstəmov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, qadın cinayətləri, xüsusilə də kökündə namus və qeyrət zəminli məsələlər dayanan qadın qətlləri çox həssas mövzudur:
"Bu barədə danışarkən həm müsahibəni verən ekspert, həm də yazının müəllifi çox diqqətli olmalıdır. Çünki namus və qeyrət məsələləri cəmiyyətimizin yazılmayan qanunlarıdır, tabudur, qırmızı xəttdir. Bu mövzulara toxunduqda cəmiyyətin tamamilə əks reaksiyasi ilə qarşılaşa bilərik. Hətta biz çox tolerant yanaşıb “namus cinayətləri olmasın” desək, sabah özümüzün namussuzluqda, qeyrətsizlikdə ittiham olunacağımız istisna deyil. Bir daha xatırlatmaq məcburiyyətindəyəm ki Azərbaycan kimi mental dəyərlərə həssas yanaşan cəmiyyətlərdə bu, həqiqətən də toksik mövzudur.
Amma eyni zamanda görürük ki, bu mövzular toplum arasında ən çox müzakirə edilən və diqqət göstərilməsinə ehtiyac duyulan tematikalardandır. Yəni yerli-yersiz gündəmə gətirilən, hətta təbliğ olunan, yazıldıqda daha çox oxunan və toplum tərəfindən geridönüşü olan informasiyalar da məhz bu sahəyə aid olur. Ər-arvad, ailə münasibətlərində xəyanət, hətta geylər və transgenderlərlə bağlı cinayətlər cəmiyyətimizdə ən çox maraqla qarşılanan və tirajlanan məsələlərdir. Diqqət etdikdə isə bunun səbəbsiz olmadığını, sosioloji əsaslarının mövcudluğunu görə bilərik. Qadın cinayətlərinin artması və onların təbliğ olunması sanki sosial tələbdir. Tutaq ki, hansısa saytın və ya sosial şəbəkənin administratoru, paylaşım və redaktə səlahiyyəti olan bir şəxs oxunma və paylanma statistikasına baxaraq, hansı mövzuların cəmiyyətin, yəni auditoriyanın daha çox marağına səbəb olduğunu müəyyənləşdirir və bu tip kontentə üstünlük verməyə sanki məcbur edilir. Beləliklə qətl, ölüm, namus cinayətləri ilə bağlı yazılar, təəssüf ki, daha çox oxunur və kütləviləşir. Bu da cəmiyyətimizdə təkrarən neqativ proseslərin baş veməsi ilə nəticələnir.
Əslində məsələyə geniş yanaşsaq burada cinayəti gender fərqinə görə çeşidlənməsinin tərəfdarı deyiləm. Amma biz ətrafımızda baş verənlərə diqqətlə nəzər salsaq, görərik ki, bu gün, cəmiyyətimiz üçün kifayət qədər populyar olan, hətta ictimai rəyin formalaşmasına böyük təsiri olan TikTok, Instagram, YouTube və s. kimi sosial şəbəkələrdə, və həmçinin nəzarət imkanları məhdud olan internet platformalarında bu cür kontentin həcmi hiss olunacaq qədər artıb.
Cinayət ilə bağlı seriallar çəkilir, televiziya kanallarında kriminal və mafiya mövzuları geniş yayılıb. Bu, həm uşaq, yeniyetmə və gənclərin, hətta lazımi təhsil və dünyagörüşü olmayan insanların davranışına, həm də nəticədə ümumilikdə ölüm statistikasına mənfi təsir göstərir.
Fikir versək, son illərdə orta məktəblərin "son zəng" tədbirlərində kriminal aləmin dəyərlərini təbliğ edən musiqilər səslənir və bu, artıq bir növ kütləviləşməkdədir. Bütün bunlar bizim üçün yetərincə ciddi siqnallardır. Çox diqqətli olmalıyıq.
Hələ 1980-ci ildə CNN telekanalının yarandığı dövrdə belə bir tendensiya vardı: "No news its good news" yəni, xəbər yoxdursa, bu, yaxşı xəbərdir. Çünki ölüm itim, dağıntı və fəlakət məzmunlu materiallar daha mühüm xəbər sayılırdı. İndi eyni tendensiya bizim media sferada cərəyan edir. Televiziya kanalları avtomobil qəzaları, yanğın hadisələri kimi xəbərlərlə efiri doldurur.
Yəni Azərbaycan cəmiyyətində aqressiya yaradan qətl, qan-qada, insan öldürmə və digər belə neqativ məzmunlu kontentlər daha çox xəbər mahiyyəti kəsb etməyə başlayıb. Bir daha deyirəm bu zəncirvari bir qədər də domino effektli təsirə malik gedişatdır. Təəssüf ki, bu tip xəbərlərin tirajlanma və oxunma statistikalarına baxdıqda da görmək mümkündür.
Teletənqidçi həmçinin qadın cinayətlərini işıqlandıran medianın məsuliyyətindəndə danışdı:
"Qadın cinayətləri ilə bağlı məsələlərin qarşısının alınmasında medianın məsuliyyəti, təbii ki, böyükdür. Media nəzərə almalıdır ki, kriminal hadisələri təbliğ etməyə ehtiyac yoxdur. Çünki burada söhbət insan həyatından, insan talelərindən gedir. Bir tərəfdən bir insan həyatını itirir, fiziki olaraq həyatı sona çatır, digər tərəfdən isə cinayət törədən şəxs həbsxanaya düşür, ailələr dağılır. Təkrarən deyirəm bu çox həssas bir məsələdir. Bunun qarşısını almağın ən yaxşı yolu isə, məncə, bu cür xəbərlərin hətta sözləşərək, müştərək qərarla tirajlamamaqdır. Yəni belə xəbərləri görəndə üzərindən maksimum dərəcədə keçməyə çalışmaq lazımdır ki, problem böyüməsin. Unutmamalıyıq ki, bu proses hər kəsin qapısına qədər gələ bilər. Çünki bu elə haldır ki, bu gün başqasının evində olan şeylər sabah öz evimizdə də ola bilər. Buna görə də maksimum diqqətli olmaq və bu tip məsələlərin kütləviləşməsinin qarşısını almağa çalışmaq lazımdır. Yenidən təkrarlayıram belə xəbərlərin kütləviləşməsi cəmiyyətimiz üçün ciddi bir təhdiddir. Buna görə də, ən optimal yol bu xəbərləri kütləvi şəkildə tirajlamanın imtinasından keçir".
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı öz fikirlərini bildirib. Onun sözlərinə görə, cəmiyyətdə elə bir fikir formalaşdırılır ki, namus yalnız qadınlara xas xüsusisyyətdir və kişinin etdiyi əxlaqdan kənar hərəkətlər namus qavramına aid deyil:
"Əxlaq, insan və insan münasibətlərinin ən təməl dəyərlərindən biridir. Amma təəssüflər olsun ki, bəzən cəmiyyətdə əxlaqi hərəkətlərin yalnız bir cinsə aid edilməsinin şahidi oluruq. Şərəf, həya, ar, iffət, namus kimi dəyərlər hər iki cins üçün keçərlidir və onların yalnız qadınlara aid edilməsi məni narahat edir. Hansısa bir qadının namus üstündə öldürülməsi, amma onu öldürənin illərin namussuzu olması faktı cəmiyyətdə hamını narahat etməlidir, amma etmir. Əslində kişi və qadından asılı olmayaraq hər kəsin öz namusunu qorumalı olduğu fikri kiçik yaşlarından aşılansa, namusun tək qadına xas xüsusiyyət olmadığı öyrədilsə bəlkə cəmiyyətdə namus kəlməsi bu qədər müzakirə edilməzdi. İffət, həya, ar, namus anlayışları yalnız qadınlara aid edilməsə, kişilər üçün də bu anlayışların böyük məna kəsb etdiyini aşılasalar bəlkə də bu qədər çox namus davası edilməz. Qadın öz namusunu, iffətini qoruduğu kimi kişilər də maksimum diqqət etsə nə ailələr dağılar, nə boşanmalar yüksələr, nə də abır-həya itər. Amma qadına biçilən o dar don kişilərə “ovesize”dir. Kişi ailəsinə xəyanət edəndə “kişidir, bir səhvdir edib” anlayışı göstərən cəmiyyət qadın üçün ölüm fərmanı yazır. İkisi də eyni günahı, eyni səhvi edib, ailə bütünlüyünə hər ikisi xələl gətirib, amma cəza qadına, səfa kişiyə qismət olur".
Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, qısqanclıq, namus, qeyrət məsələsi törədilmiş cinayətin sadəcə motividir:
"Qeyd edim ki, bu tip cinayətlərdə adam öldürmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 120.1 maddəsinə görə qəsdən adam öldürmə cinayəti hesab olunur. Azərbaycan Respublikasının 120.1 maddəsinin sanksiyasına əsasən törədilmiş əmələ görə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər.
Həmçinin qanunvericiliyin namus cinayətləri adlananan cinayətlərinin qarşısını almaq kimi səlahiyyəti yoxdur. Çünki bu sadəcə insana bağlı olan bir şeydir.
Belə halların qarşısını almaq üçün cəmiyyətdə bununla bağlı maarifləndirmə aparılmalıdır ki, insanlar bu cinayətlərin törədilməsində maksimum dərəcədə uzaq dursunlar. Bu məsələdə dövlət təkcə maarifləndirmə tədbirləri həyata keçirməməlidir. Dövlət eyni zamanda qeyri hökmət təşkilatlarının icmalarla, regionlarla işləməsinin təşviq olunmasını təşkil etməlidir. Nəticə etibarı ilə cəmiyyətdə bu tip əməllərin kriminal olması və bu kriminal əmələ görə ağır cəzaların nəzərdə tutulması təbliğ olunmalıdır".
Ailə və Uşaq psixoloqu Aynur İsmayılovanın sözlərinə görə isə, cəmiyyət nə qədər inkişaf edirsə etsin türkdilli ölkələrdə eyni zamanda Azərbaycandada qadın qətilləri mövcuddur və azalmır:
"Ən çox bu cinayəti törədən insanlar şəxsiyyət pozuntusu yüksək olan insanlardır. Psixopat, şəxsiyyət pozuntusu olan insanlar isə öldürməyə daha çox meyillidirlər. Bu tip insanlar qadın hüquqlarını qəbul etmirlər və həmçinin qadına şiddət göstərərsə, qadın buna etiraz edərsə təbii ki, qadını öldürər.
Və buda cəmiyyətdə bir mənalı şəkildə namus üstündə öldürüldü kimi qələmə verilir.
Beləliklə bəzi gənclərdə bunu avtoritat fikir kimi götürürlər və qatili haqlı tərəf hesab edirlər. Nəticə etibarı ilə bu fikirlər onlar arasında geniş yayılmağa başlayır. Nə qədər qadın cinayətləri "namus adı altında" kimi ifadələrlə afişa şəklində sosyal şəbəkələrdə televizyada göstərilirsə, bir o qədərdə şəxsiyyət pozuntusu olan insanların ağlına batır. Belə halların qarşısının alınması üçün insanlar psixoloji cəhətdən çox maariflənməlidirlər".
Elnurə Kərimova