Çarpaz baxış

Mediaya verdiyi açıqlamada erməni ekspert Aram Manukyan Ermənistanın heç bir beynəlxalq layihədə yer almamasının ölkəni ciddi təhlükə ilə üz-üzə qoyduğunu bildirib və bunun Ermənistan üçün məhvə aparan yol olduğunu qeyd edib. O vurğulayıb ki, antirusiya siyasəti Ermənistanı tənəzzülə sürükləyir:

“Baxın, Şərq qanadı güclənir, BRİKS genişlənir və artıq 30 ölkəni əhatə edir, Qərbi zəiflədir. BRİKS çərçivəsində milyardlarla dollar dəyərində bir çox müqavilə imzalanıb: Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb... Lakin biz bu layihələrin heç birində yer almırıq”.

Manukyan əlavə edib ki, Ermənistan bu layihələrdən kənarda qalmasını kompensasiya etmək üçün "Sülh Qovşağı" layihəsini ortaya atsa da, bunun beynəlxalq səviyyədə ciddi qəbul olunmadığını vurğulayıb:

“Bu qədər zəif və prinsipsiz mövqe ilə beynəlxalq layihələrə qatılmaq mümkün deyil. Ölkənin qarşısında duran problemləri həll etmək üçün güclü iqtisadiyyata, külli miqdarda maliyyə vəsaitinə və çox sayda dost ölkələrə sahib olmaq lazımdır. Amma Ermənistanın heç birinə malik deyil!”.

Mövzu ilə bağlı açıqlama verən deputat Aydın Hüseynov Crossmedia.az-a bildirib ki: “Azərbaycan regionda ən böyük beynəlxalq layihələrin müəllifidir. TANAP, TAP, Orta Dəhliz kimi böyük qlobal layihələr Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Qafqaz regionunun 75%-lik iqtisadi gücü də Azərbaycana məxsusdur. Ermənistan isə 30 il ərzində işğalçılıq siyasətini dövlət siyasəti olaraq qəbul edib, Azərbaycanın ərazilərini işğal altında saxlayıb, kommunikasiyaların qarşısını alıb və nəhayət kapitulyasiya olunub. Bu gün Ermənistanın iqtisadiyyatı ağır vəziyyətdədir, xarici borcu ümumi daxili məhsulun 70%-ni ötüb ki, bu da yaxın gələcəkdə ciddi böhranın qaçılmaz olacağını göstərir”.

Ermənistanın bu vəziyyətdən çıxış yoluna toxunan deputat Aydın Hüseynov qeyd edib ki, “Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişi imzalamaq, kommunikasiyaları açmaq, xüsusilə Zəngəzur Dəhlizini açmaq və bununla da Azərbaycanın regionda həyata keçirdiyi layihələrdə iştirak etməkdir. Artıq Ermənistan ictimaiyyəti də bu reallığı dərk edir və mən hesab edirəm ki, Ermənistan ictimaiyyətində səslənən bu fikirlər təsadüfi deyil. Ermənistan sülh müqaviləsini nə qədər gecikdirərsə, bir o qədər sürətlə uçuruma gedəcək”.

Nəticə etibarilə, Ermənistan böyük beynəlxalq layihələrdə iştirak etmək və öz zəifləmiş iqtisadiyyatını inkişaf etdirmək istəyirsə, tək çıxış yolu Azərbaycandır. Azərbaycan isə bu dəstəyə hazırdır – təbii ki, Zəngəzur dəhlizi açıldığı və sülh sazişi imzalandığı təqdirdə.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il