Çarpaz baxış

Bitkoinin qiyməti tarixi maksimumu yenilədi - qiymət yüksəldi. Bu barədə “Binance” platformasında yayımlanan göstəricilərdə qeyd olunub. Bildirilib ki, bitkonun qiyməti sürətlə artaraq 79 min 331 dollara çatıb. Bitkoinin qiymətinin 79 min dollara çatması bazarda hansı dəyişikliklərə səbəb ola bilər? Qiymət artımında əsasən hansı amillər rol oynayır? Yeni investorlar bu mərhələdə nə etməlidirlər?  Bu və ya digər suallarımıza aydınlıq gətirmək üçün iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət etdik. 

Crossmedia.az-a açıqlamasında N.Cəfərli bildirdi ki, bu, bazarda ciddi hərəkətliliyin və yüksək tələbatın göstəricisidir. Hesab  edirəm ki, son aylarda iri investisiya şirkətləri və institusional investorlar tərəfindən bitkoinə maraq artıb. Bir çox investor bitkoini rəqəmsal qızıl və təhlükəsiz investisiya vasitəsi kimi qəbul edir. Qiymət artışı həm də dünya iqtisadiyyatında baş verən qeyri-sabitlik və inflyasiya risklərinə qarşı qorunma vasitəsi kimi bitkoinin seçilməsi ilə əlaqədardır.

- Natiq müəllim sizcə, bu qiymət artımı qısamüddətli bir dalğa, yoxsa davamlı trend ola bilərmi?

- Bu suala dəqiq cavab vermək çətindir, çünki kriptovalyuta bazarı çox dəyişkəndir. Ancaq son illərdə müşahidə etdiyimiz kimi, qiymət artımı çox vaxt böyük həcmli alışlar və bazarda müsbət xəbərlərlə dəstəklənir. 

-Qiymət artımında əsasən hansı amillər rol oynayır?

- Qiymət artımında bir neçə əsas faktor var. Birincisi, təklif və tələb arasındakı balans. Bitkoinin ümumi sayı 21 milyonla məhdudlaşdırılıb. Həmçinin, institusional investorların bazara daxil olması və bəzi dövlətlərin kriptovalyutaları leqallaşdırmağa çalışması investor inamını artırır. İkincisi, qlobal iqtisadiyyatda baş verən qeyri-müəyyənliklər və inflyasiya riskləri investorları alternativ investisiya vasitələrinə, xüsusilə də kriptovalyutalara yönəldir.

-Bitkoinin bu tarixi qiymət artımı digər kriptovalyutalara necə təsir edirmi?

- Ümumiyyətlə, bitkoin bazarın lideri olduğu üçün onun hərəkətləri digər kriptovalyutaların qiymətlərinə təsir edir.

-Yeni investorlar bu mərhələdə nə etməlidirlər? Hər kəs bitkoinə investisiya etməlidirmi?

-Hər bir investor üçün kriptovalyutalar riskli bir investisiya növüdür və bu risklər nəzərə alınmalıdır. Yeni başlayanlar üçün ən vacib məsləhət, bazarı yaxşı öyrənmək və yalnız itirə biləcəkləri məbləğlə yatırım etməkdir. Eyni zamanda diversifikasiya çox vacibdir. Yəni bütün kapitalı bir kriptovalyutaya yatırmaq əvəzinə, müxtəlif kriptovalyutalara və ya digər aktivlərə bölüşdürmək daha məntiqlidir.

-Bu qiymət artımının davamlı olması üçün hansı amillər vacibdir?

-Davamlı artım üçün əsas şərtlərdən biri bazarda etimadın qorunmasıdır. Əgər institusional investorlar və iri şirkətlər bitkoina maraqlarını davam etdirərsə, bu artım trendi davam edə bilər. Digər vacib amil isə qanunvericilik məsələsidir. Dünyanın müxtəlif ölkələri kriptovalyutalara münasibətdə tənzimləyici qaydalar tətbiq etməyə başlayıb. Əgər bu qaydalar pozitiv olsa və kriptovalyuta bazarının inkişafını dəstəkləsə, bu, uzunmüddətli artım üçün bir stimul ola bilər.

- Sizcə, bitkoinin qiyməti daha hansı səviyyələrə çata bilər? Yeni tarixi maksimumlar gözlənilirmi?

-Kriptovalyutaların qiymət proqnozları çox çətin və dəyişkəndir. Bazarda pozitiv xəbərlər və yeni investisiyalar olarsa, qiymət daha yüksək səviyyələrə çata bilər. Hal-hazırda analitiklər arasında 100 min dollara qədər yüksəliş gözləyənlər də var. Amma nəzərə almaq lazımdır ki, bazarda hər an düzəlişlər və enişlər də baş verə bilər. Bu səbəbdən investorlar ehtiyatlı olmalı və bazarı yaxından izləməlidirlər.

Həmsöhbətim sonda vurğuladı ki, kriptovalyutalar bazarı çox dinamik və dəyişkəndir. Bu sektorda uğur qazanmaq üçün yaxşı araşdırma etmək və riskləri düzgün idarə etmək vacibdir. Yatırım edərkən yalnız spekulyativ yanaşmalar deyil, həm də uzunmüddətli perspektivlər nəzərə alınmalıdır. İstənilən halda, investorlar məlumatlı qərarlar verməli və ehtiyatla hərəkət etməlidirlər.

Əsli TELMANQIZI

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il