Çarpaz baxış

Bakı, 2024-cü il noyabr – Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim sammiti dünyanın diqqət mərkəzindədir. 200-ə qədər ölkənin razılığı ilə qəbul edilən qərar nəticəsində COP29-un keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Lakin sammitdə Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi kimi dünya liderlərinin iştirak etməməsi müəyyən suallar yaradır. Onları ölkələrini təmsil etmək üçün nümayəndələr əvəzləyəcək. Bəzi beynəlxalq müşahidəçilər bunu iqlim məsələlərinə verilən qlobal siyasi dəstəyin azalması, bəziləri isə Azərbaycan üzərində xarici təzyiq vasitəsi kimi görür.

Siyasi şərhçi Arzuman Abdulkərimov-un fikrincə, Azərbaycanın bu cür böyük miqyaslı tədbirə ev sahibliyi etməsi ölkənin yüksək təşkilatçılıq potensialının və qlobal səviyyədə etibarlılığının göstəricisidir. O qeyd edir ki, Azərbaycanın bu sahədəki təcrübəsi və beynəlxalq arenada əldə etdiyi uğurlar ölkənin əhəmiyyətini artırır:

"Azərbaycan daha öncə də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və hər zaman yüksək təşkilatçılıq göstərib. Bu tədbirlərdə heç bir problem yaşanmayıb və ölkəmizin təhlükəsizlik və sabitlik kimi önəmli aspektlərdəki üstünlüyü hər kəs tərəfindən qəbul edilir".
Abdulkərimovun sözlərinə görə, bəzi böyük dövlətlərin – xüsusən Qərb ölkələrinin – liderlərinin iştirak etməməsi bir sıra siyasi səbəblərə bağlı ola bilər. Məhz "kollektiv Qərb" adı altında tanınan bu ölkələr, insan haqları və siyasi məhbuslar məsələsini gündəmə gətirərək təzyiq yaratmağa çalışırlar. "Azərbaycan bu cür təzyiqlərə heç zaman boyun əyməyib və öz siyasi müstəqilliyini qorumaqda qərarlıdır. Hər kəs bilir ki, ölkədə siyasi məhbus yoxdur və bu cür iddialar sadəcə Azərbaycana qarşı vasitə kimi istifadə edilir."
A.Abdulkərimov həmçinin vurğulayıb ki, bu tədbiri boykot etmək istəyən ölkələr əslində yalnız Azərbaycana deyil, Birləşmiş Millətlər Təşkilatına (BMT) qarşı çıxmış olurlar: "COP29 tədbiri BMT-nin təşəbbüsü ilə keçirilən qlobal bir tədbirdir. Bu tədbiri boykot etmək BMT-nin təşkil etdiyi qlobal ekoloji mübarizəni dəyərsizləşdirmək deməkdir. Liderlər qlobal iqlim təhlükəsini nəzərə alaraq bu tədbirə dəstək verməlidir. Onların gəlməməsi daha çox siyasi mövqelərdən qaynaqlanır."

Azərbaycan rəsmiləri sammitin təhlükəsizliyinə dair hərtərəfli tədbirlər gördüklərini və hər bir qonağın rahatlığı üçün yüksək səviyyəli şərait yaratdıqlarını bildiriblər. Bu məqsədlə ilin əvvəllərindən etibarən müxtəlif hazırlıqlar görülüb və bir sıra tədbirlər həyata keçirilib.
Ekspert hesab edir ki, Azərbaycan bu tədbirdən sonra beynəlxalq arenada daha da güclənəcək və gələcəkdə daha çox irimiqyaslı tədbirlərə ev sahibliyi etmək imkanı qazanacaq. Azərbaycan üçün COP29 yalnız iqlim məsələləri ilə bağlı müzakirə deyil, eyni zamanda ölkənin beynəlxalq imicini möhkəmləndirmək üçün mühüm bir vasitə olacaq.

Beləliklə, COP29-da bəzi liderlərin iştirakı ilə bağlı narahatlıq olsa da, Azərbaycan bu tədbirdə yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirərək beynəlxalq arenada öz etibarlılığını və gücünü bir daha sübut etmək niyyətindədir.

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il