"Sony"nin yeni nəsil konsolu olan "PS5 Pro" lansman həftəsində əvvəlki modeli "PS4 Pro" ilə oxşar satış performansı nümayiş etdirdi. İlk məlumatlara görə, ABŞ-də "PS5 Pro"nun satışları "PS4 Pro" ilə demək olar ki, eyni səviyyədə olub. Ancaq Yaponiyada "PS5 Pro"nun satışları "PS4 Pro"ya nisbətən 13 min ədəd fərqlə daha yüksək olub.
"PS5 Pro" 699,99 dollar qiymət etiketi ilə bazara çıxarılmasına baxmayaraq böyük maraqla qarşılanıb. 2016-cı ildə 399,99 dollardan satışa çıxarılan "PS4 Pro"nun daha aşağı qiymətinə baxmayaraq, hər iki cihazın başlanğıc satışları arasında böyük bir fərqin olmaması diqqət çəkir. "Sony"nin proqnozlarına görə, "PS5 Pro", ümumi "PS5" satışlarının 15%-ni təşkil edəcək və xüsusilə premium istifadəçi seqmentinə xitab edəcək.
"PS4 Pro" dövründə sınaqdan keçirilən orta nəsil konsol strategiyası "PS5 Pro" ilə davam etdirilir. Daha yüksək çözünürlük və təkmilləşdirilmiş ray tracing kimi texnologiyalarla təchiz edilən cihaz, xüsusilə performans yönümlü oyunçular üçün nəzərdə tutulub. İlk həftənin məlumatları bu strategiyanın başlanğıc mərhələdə uğurlu olduğunu göstərir.
Bununla yanaşı, cihazın uzunmüddətli uğurunu istifadəçi məmnuniyyəti və oyun performansı təyin edəcək. "Sony" premium bazara yönəlmiş bu yanaşmanın nəticələrini gələcək dövrlərdə daha aydın şəkildə müşahidə edəcəyini gözləyir.
Emil Nağızadə