Rockstar Games-in əfsanəvi oyun seriyası Grand Theft Autonun yeni oyunu GTA 6 ilə bağlı həyəcan getdikcə artır. Hər kəs GTA 6-nın bir an əvvəl çıxmasını gözləyərkən, Rockstar-dan yeni fraqman və sızıntılarla bağlı maraqlı məlumatlar gəlməyə davam edir. Son məlumatlara görə, oyuna aid daha ətraflı görüntülər internetə sızdırılıb.
GTA 6-ya aid, indiyə qədər gün üzünə çıxan görüntülər oyunun keyfiyyəti barədə kifayət qədər ipucu verir. Xüsusilə, insan izdihamları, teksturaların və rənglərin keyfiyyəti diqqətdən yayınmır. Görüntülərdən göründüyü kimi, Rockstar bir daha özünə yaraşanı edərək inqilabi bir layihə ilə qarşımıza çıxacaq.
Bu görüntülərdən başqa, yeni sızıntılar da var. 2023-cü ilin sentyabrında paylaşılan “moon theory” (Ay nəzəriyyəsi) yeniləməsi seriyanın pərəstişkarlarına bəzi ipuçları təqdim etdi. Bu nəzəriyyəyə görə, Rockstar böyük elanlarını ay fazalarına uyğun olaraq planlaşdırır və oyunçular bu tarixlərdə mühüm yeniliklər gözləyirlər. Noyabrın sonunda, xüsusən də 22 noyabrda bir yeniləmə olacağı ilə bağlı şayiələr bu nəzəriyyənin doğruluğunu müzakirəyə açıb.
GTA 6-nın yayımlanan fraqmanı qrafik keyfiyyəti ilə gözləntiləri indidən üstələyib. İstifadəçilər real toz simulyasiyaları, işıq əks olunma effektləri, NPC-lərin qrup halında hərəkət etməsi kimi detalların dərhal fərqinə varıb. Xüsusilə Red Dead Redemption 2-dən sonra inkişaf etdirilən personaj və mühit detallarının GTA 6-nın qrafik keyfiyyətini daha da irəli apardığı görünür. Məsələn, personajlar arasındakı xüsusi aksesuar detallarından tutmuş saç hərəkətləri, əzələ deformasiya animasiyaları və ətraf mühitin fiziki təsirləri kimi yeniliklər oyunun əvvəlki nəsildən nə qədər üstün olduğunu göstərir.
Bundan əlavə, Rockstar GTA Trilogy – Definitive Editionı da yeniləyərək köhnə oyunları müasir texnologiya ilə birləşdirir. Bu yeniləməyə qrafik təkmilləşdirmələr, klassik işıqlandırma seçimi və çoxlu səhv düzəlişləri daxildir. Digər tərəfdən, GTA 6-nın 2025-ci ilin payızında çıxacağı ilə bağlı şayiələr davam edir. Görək, gözlənilən tarixdə təqdim ediləcəkmi, yoxsa 2026 və ya 2027-yə təxirə salınacaq? Gözləyib görəcəyik.
Emil Nağızadə