"Samsung", "Google" və "Qualcomm" birgə əməkdaşlıqla yeni ağıllı eynək hazırlayır. Süni intellekt dəstəyi ilə təchiz edilmiş bu cihaz haqqında yeni məlumatlar ortaya çıxıb.
"Samsung"un yeni ağıllı eynəyi texnologiya dünyasında böyük maraq doğurur. "Google" və "Qualcomm" ilə birlikdə hazırlanmış bu məhsulun 2025-ci ilin üçüncü rübündə satışa çıxarılması planlaşdırılır. Bu eynək, artırılmış reallıq (AR) modellərindən fərqli olaraq yüngül quruluşu ilə fərqlənməyi hədəfləyir.
Sənaye mənbələrindən əldə edilən məlumatlara əsasən, "Samsung" ilkin mərhələdə bu ağıllı eynəkdən 500 min ədəd istehsal etməyi planlaşdırır. Əsas prosessor kimi "Qualcomm"un AR1 çipseti istifadə olunacaq, cihazın ikinci prosessoru isə "NXP" tərəfindən təmin ediləcək.
Eynək, 12 meqapiksellik "Sony IMX681" sensorlu kamera ilə görüntü keyfiyyətini artıracaq və 155mAh batareya ilə təchiz olunacaq. Təxminən 50 qram ağırlığında olan bu cihaz, "Meta Ray-Ban" və "Apple Vision Pro" modellərindən fərqli olaraq daxili ekrana sahib olmayacaq. Lakin süni intellekt dəstəyi ilə istifadəçilərə ağıllı telefonlar və bulud əsaslı xidmətlərlə qarşılıqlı əlaqə qurmağa imkan yaradacaq.
Bu strategiyanın mərkəzində isə "Google Gemini" süni intellekt modeli dayanır. "Gemini", səsli əmrləri, real vaxt yardımı və digər ağıllı funksiyaları gücləndirərək cihazı telefonlarla tam uyğun hala gətirəcək. Daha əvvəl "Qualcomm"un baş direktoru, eynəyin istehsalat süni intellekt və bulud bağlantısı ilə diqqət çəkəcəyini bildirmişdi.
"Samsung"un yeni məhsulu geyilə bilən texnologiya və ağıllı köməkçi sahəsində istifadəçilər üçün yeni bir vasitə olmağı hədəfləyir. Bu cihaz, "Samsung"un rəqabətdə daha önəmli bir mövqeyə gəlməsinə şərait yarada bilər.
Sevinc Abuşova