Amerika Milli Elmlər Akademiyası tərəfindən aparılan araşdırma ikinci dil öyrənməyin diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra sağalmaya müsbət təsir göstərə biləcəyini göstərir. Bu həmdə təfəkkürün inkşafına da müsbət təsir göstərir. Necə deyərlər bir dil - bir insan, iki dil - iki insan. Bəs çoxdillik ana dilindən istifadədə müəyyən qüsurlar yarada bilərmi və ana dilimizi mükəmməl etmək üçün nələr etməliyik?
Crossmedia.az mövzu ilə bağlı AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri Rasim Heydərova müraciət edib. Ekspert ilk olaraq ikidilliliyin dilçilik sahəsində müxtəlif aspektlərdən öyrənildiyini qeyd edib:
“Bu sahədə psixolinqvistika, sosial linqvistika və metodika kimi yanaşmalar mövcuddur. Linquvizm nəzəriyyəsi dünyada geniş öyrənilsə də, hələ də bir sıra məsələlər, xüsusilə də ikidilliliyin insan beyninə təsiri ilə bağlı tam aydınlaşmayıb”.
Onun sözlərinə görə dilçilər arasında bu mövzuda fikir ayrılıqları mövcuddur: "Bəziləri uşaqların ikinci dili yalnız məktəb yaşında öyrənmələrinin yaxşı olduğunu, digərləri isə erkən yaşlardan, həm ana dili, həm də ikinci dilin paralel öyrənilməsinin beyin inkişafına müsbət təsir etdiyini vurğulayır.
Araşdırmalar göstərir ki, iki dili bir yerdə öyrənmək, uşaqların beyin inkişafına yaxşı təsir edir. Amma ən yaxşı nəticələr 3 yaşa qədər əldə olunur, çünki bu dövrdə beynin öyrənmə qabiliyyəti daha güclüdür. Lakin, ikinci dilin öyrənilməsi bəzən çətinliklər yarada bilər. Məsələn, uşaqların doğma dillərindən vərdişlər, ikinci dili öyrənərkən səhv tələffüz və ya sintaksisə səbəb ola bilər. Bu fenomenə "interferensiya" deyilir. Bu səhvlər tədricən aradan qaldırılır, amma ilk dövrün bu cür təsirləri öyrənilən ikinci dilin mükəmməl şəkildə mənimsənilməsinə mane ola bilər. Qeyd edək ki, bu proses təbii bir şeydir və insan dilləri öyrəndikcə, bu interferensiya azalır".
Mütəxəsis ana dilini uşaqlıqdan mükəmməl öyrənmək vacib olduğunu da vurğulayıb: “Uşaqlar nağıllar eşitməli və filmlər izləməlidirlər ki, dilin zənginliyini anlaya bilsinlər. Əks halda, başqa dillərdəki mənbələrə müraciət edən uşaqlar ana dilini zəif öyrənə bilər”.
İkidilliliyin beyinə olan təsirləri yalnız inkişafla bağlı deyil. Bəzi tədqiqatlar, ikidillilik ilə beyin zədələnmələri arasında da bir əlaqə olduğunu göstərir. Məsələn, beyin infarktı və ya digər beyin zədələnmələrindən sonra, ikidil bilən insanlar bəzən öz dillərini unudurlar və daha çox ikinci dildə danışmağa başlayırlar. Bu, çox maraqlı bir fenomen olub, ikinci dilin beynindəki "dil mərkəzləri" ilə əlaqədardır. Qəbul olunmuş bir faktdır ki, dil təfəkkürün açarıdır. Dil təfəkkürün açarı olduğundan dil öyrənmək təfəkkürün inkişafına gətirib çıxarır.
Onun sözlərinə görə, qlobal dünyada ikidillilik və daha çox dil bilmək insanların sosial və professional həyatda daha uğurlu olmalarına kömək edir: “Qloballaşan dünyada çoxdilli insanlara böyük tələbat var. İkidillilik, insanların beynəlxalq əlaqələrdə daha effektiv olmalarına, müxtəlif dillərdə ünsiyyət qurmağa və müxtəlif mədəniyyətlərə açıq olmalarına imkan verir.Bu gün Azərbaycanda da, məktəb proqramlarında ingilis dili kimi qlobal dillərin öyrədilməsi önəmlidir. Artıq uşaqların ilk siniflərdən ingilis dilini öyrənməyə başlaması, onların beynində daha çox dil mərkəzinin formalaşmasına şərait yaradır. Eyni zamanda, müxtəlif dillərdə təhsil alan uşaqlar gələcəkdə daha çox imkanlara sahib olurlar və qlobal dünyada daha çox uğur qazanırlar”.
Nəzrin Salmanova