İqlim dəyişmələri müasir dünyanın ən ciddi problemlərindən biridir və onun təsirləri hər il daha da qabarıq şəkildə hiss olunur. Atmosferə buraxılan istixana qazlarının artması qlobal istiləşməyə səbəb olmuş, bu isə ekstremal hava hadisələrinin, daşqınların, quraqlıqların və təbii fəlakətlərin sayını artırmışdır. Məsələn, buzlaqların əriməsi dəniz səviyyəsini yüksəldərək sahilyanı ərazilərdə su basmalarına gətirib çıxarır. Eyni zamanda, quraq iqlim şəraiti kənd təsərrüfatına zərbə vuraraq ərzaq təhlükəsizliyinə təhdid yaradır.
Bu mənfi təsirlərin qarşısını almaq üçün təcili və davamlı tədbirlərə ehtiyac var. Azərbaycan iqlim dəyişmələrinin qarşısını almaq və davamlı inkişafı təmin etmək üçün qlobal səylərə fəal qoşulan ölkələrdən biridir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına və Paris Sazişinə qoşularaq, istixana qazlarının azaldılması və ekoloji davamlılığın təmin edilməsi ilə bağlı mühüm öhdəliklər götürmüşdür. Bu təşəbbüslər COP29 konfransında da geniş müzakirə edilmiş və Azərbaycanın iqlim sahəsindəki nailiyyətləri beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.
COP29 çərçivəsində Azərbaycan öz “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) planını təqdim etmiş və 2030-cu ilə qədər karbon emissiyalarının 40% azaldılması məqsədini vurğulamışdır. Xüsusilə, bərpa olunan enerji mənbələrinin inkişafına dair konkret addımlar atılmaqdadır. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonaları” konsepsiyasının həyata keçirilməsi bu sahədə önəmli addımlardan biridir. Bu layihələr həm karbon emissiyalarının azaldılmasına, həm də regionun ekoloji tarazlığının bərpasına xidmət edir.
Konfransda Azərbaycanın külək və günəş enerjisi potensialının genişləndirilməsi üzrə tərəfdaşlıq layihələri də diqqət çəkmişdir. Xüsusən Xəzər dənizinin külək enerjisindən istifadə üzrə irimiqyaslı layihələr dünya liderləri tərəfindən müsbət qarşılanmışdır. Azərbaycan, eyni zamanda, enerji keçidi prosesində beynəlxalq maliyyə dəstəklərindən səmərəli istifadə edərək bu sahədə regional lider olmaq niyyətini ifadə etmişdir.
COP29-da Azərbaycanın su resurslarının qorunması, meşə massivlərinin genişləndirilməsi və tullantıların idarə olunması üzrə təşəbbüsləri də müzakirə olunmuşdur. Xüsusilə, milli səviyyədə iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı adaptasiya tədbirlərinin artırılması üçün qəbul edilən strategiyalar ön plana çıxmışdır. Bu uğurlar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
COP29-da qlobal iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar məbləğində maliyyə yardımı ayrılması ilə bağlı tarixi qərar qəbul edildi. Bu yardım əsasən karbon emissiyalarını azaltmaq, bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləmək və iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı adaptasiya tədbirlərini həyata keçirmək məqsədi daşıyır.
Azərbaycan bu sahəyə ayrılmış vəsaitlər əsasən yaşıl enerji layihələrinin genişləndirilməsinə yönəldiləcək. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji zonaları"nın yaradılması layihələrinə dəstək üçün beynəlxalq maliyyə mexanizmləri işə salınacaq. Bundan əlavə, Xəzər dənizində külək enerjisi stansiyalarının tikintisi üçün də bu fondlardan istifadə edilməsi planlaşdırılır.
Maliyyə yardımı çərçivəsində su resurslarının qorunması və kənd təsərrüfatında davamlı texnologiyaların tətbiqi sahələrinə də vəsait ayrılacaq. Bu qərar Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq tərəfdaşlıq imkanlarını daha da artıracaq. COP29 zamanı, həmçinin, Azərbaycan iqlim fondundan istifadə üzrə şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini vurğulamışdır. Qərar, qlobal səviyyədə iqlim böhranına qarşı həmrəylik göstəricisi olmaqla yanaşı, inkişaf etməkdə olan ölkələr üçün real imkanlar yaradır. Azərbaycanın bu maliyyə yardımını səmərəli şəkildə istifadə edərək regional enerji keçidində liderliyini möhkəmləndirəcəyi gözlənilir.
COP29-da qəbul edilmiş 300 milyard dollarlıq maliyyə yardımı qərarı inkişaf etməkdə olan ölkələr üçün mühüm bir addım kimi təqdim edilsə də, Qərbin bu təşəbbüsə yanaşması çoxsaylı tənqidlərə səbəb olub. İnkişaf etməkdə olan ölkələr uzun illər ərzində iqlim dəyişmələri ilə mübarizə üçün daha yüksək maliyyə dəstəyi tələb edirdilər və 1.3 trilyon dollarlıq illik yardımın zəruri olduğunu bildirirdilər. Buna baxmayaraq, COP29 çərçivəsində qəbul edilən məbləğ bu tələbin cəmi dörddə birinə bərabərdir və onun reallaşdırılması 2035-ci ilə qədər təxirə salınıb. Qərb ölkələri öz maliyyə öhdəliklərini yerinə yetirməkdə çox vaxt gecikir və bu, inkişaf etməkdə olan ölkələrin artan borc yükünü daha da ağırlaşdırır.
Azərbaycanın COP29-da nümayiş etdirdiyi səylərə baxmayaraq, bəzi Qərb dairələri bu təşəbbüsün əhəmiyyətini azaltmağa və onu tənqid etməyə çalışırlar. Bunun əsas səbəbi inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı təmin olunmasına dair keçmiş vədlərin yerinə yetirilməməsidir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin bir hissəsi qeyri-şəffaf karbon bazarlarına yönəldilir ki, bu da problemi effektiv həll etməkdən çox, "yaşıl görünüşlü" addımların reklamına xidmət edir.
Qərbin iqlim dəyişikliyi ilə mübarizə məsələsində göstərdiyi "səylər" elə bir təəssürat yaradır ki, sanki onlar iqlim dəyişmələrini özlərinin “şah əsəri” hesab edirlər, amma bu əsəri bərpa etmək üçün heç bir həvəs göstərmirlər. İllərlə verilmiş böyük vədlər, yekunlaşdırılmayan maliyyə öhdəlikləri və hər COP konfransında təkrarlanan boş çıxışlar onların “xeyirxah niyyətlər”ini açıq-aşkar nümayiş etdirir. Qərbin yanaşması bəzən elə görünür ki, onlar inkişaf etməkdə olan ölkələrin mübarizəsini teatr tamaşasına bənzədirlər: səhnədə böyük vədi verir, pərdə arxasında isə heç bir konkret addım atmırlar. “300 milyard dollar azdır, amma 1 trilyon dollar kifayətdir” kimi qəribə arqumentlər onların bu məsələyə ciddi yanaşmadığını açıq göstərir. Əvəzində, öz təqsirlərini yumaq əvəzinə, başqalarını, xüsusilə inkişaf etməkdə olan ölkələri, yeganə məsuliyyət daşıyan tərəf kimi göstərməyə çalışırlar.
Bəzi Qərb siyasətçilərinin və Avropa Parlamentinin nümayəndələrinin COP29-da iqlim dəyişikliyi məsələlərinə ciddi dəstək vermək əvəzinə, sadəcə siyasi mətbuat konfransları keçirmələri, çox təəssüf doğurur. Bu nümayəndələr, əsasən iqlim dəyişikliyi ilə mübarizə aparmaq əvəzinə, yalnız öz siyasi məqsədlərini güdmək və mövcud məsələlərə manipulyasiya edərək diqqət çəkməkdə maraqlı görünürdülər. Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin bu mühüm tədbiri qaçıraraq, "şəxsi məsuliyyətlər"ini önə çəkdi və bununla da bəzən liderlərin, iqlim məsələlərini ciddi şəkildə müzakirə etməkdən çəkindiklərini göstərdi. Bundan əlavə, bəzi Qərb siyasətçiləri bu cür toplantılarda öz iradlarını daha çox daxili və beynəlxalq siyasətə yönəldərək, iqlim müzakirələrinə iştirak etmədilər, bu da onların mütləq hərəkət etməyi özlərinə borc bilmədiklərini göstərdi. Onlar, həmçinin Azərbaycan kimi ölkələrin əldə etdiyi uğurları və dəstəyin müsbət tərəflərini tənqid etməkdə davam edirlər.
Bu vəziyyət, Qərbin iqlim dəyişmələrinə qarşı daha çox sözlə yanaşma və əməldə isə geri çəkilmə strategiyasının, nə qədər mənasız və səmərəsiz olduğunu göstərir. Bu cür etinasız yanaşma isə yalnız davamlı olaraq böyük təşəbbüsləri əngəlləyir və heç bir real dəyişiklik yaratmır. Bundan da pisi, onlar COP29 kimi mühüm bir platformada daha çox siyasi mülahizələrə xidmət edən mətbuat konfransları keçirməyi üstün tuturlar. Bu, bir tərəfdən Qərbin özünə məxsus "yaşıl imic"ini qorumağa çalışmasının göstəricisidir, digər tərəfdən isə reallığa baxdıqda hər hansı ciddi maliyyə öhdəlikləri və iqlim siyasətinə dair əməli addımların hələ də geridə qalmasıdır. Nəticədə, bu cür yanaşmaların iqlim dəyişmələrinin qarşısını almaq əvəzinə yalnız sığ bir PR strategiyasına çevrildiyi görünür.
İqlim müzakirələrində yalnız sözlə qalmaq və hərəkət etməmək, sadəcə "yaşıl" bəyanatlarla kifayətlənmək, iqlim böhranına qarşı mübarizədə heç bir real irəliləyişə gətirib çıxarmır. Bu yanaşma bir növ, Qərbin iqlim siyasətinin necə təkrarlanan şablonlarla formalaşdırıldığını, amma hər hansı konkret nəticə əldə edilmədiyini göstərir. Avropa və digər Qərb ölkələri iqlim məsələsində daha çox konkret addımlar atmalı, əvvəlki bəyanatları yerinə yetirərək, bu problemi həll etməyə səmimi yanaşmalıdırlar.
Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizədə Qərbin “müqəddəs missiyası” kimi təqdim etdiyi yanaşmasının əslində nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir. Görünür, onlar üçün qlobal ədalət sadəcə sərfəli PR vasitəsidir. Amma təbiət PR kampaniyalarına yox, real hərəkətlərə ehtiyac duyur, və bu hərəkətləri təqdim etmək məsuliyyəti əsas günahkar olaraq məhz Qərbin üzərinə düşür.
Ləman TƏHMƏZ