Son illərdə uşaqlar arasında virtual oyunlara maraq sürətlə artıb. Bu tendensiya həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Nəzarətsizlik, sosial təzyiqlər və oyunların cazibədar xüsusiyyətləri uşaqlar arasında oyun asılılığını artıran əsas səbəblərdir. Diqqət pozuntuları, aqressiv davranışlar və zəif təhsil nəticələri kimi problemlərin qarşısını almaq üçün ailə və məktəblərin birgə səyləri vacibdir.
Bəs görəsən uşaqların virtual oyunlara həddindən artıq bağımlı olmasının səbəbləri nədir? Oyun bağımlılığının uşaqların təhsil və öyrənmə qabiliyyətinə təsiri nə qədər ciddidir? Müasir oyunların məzmunu uşaqların dünyagörüşünə və dəyərlərinə necə təsir edir?
Mövzu ilə bağlı suallara aydınlıq gətirən psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, uşaqların virtual oyunlara olan asılılığı müxtəlif səbəblərlə bağlıdır. Bu səbəblər arasında psixoloji faktorlar, sosial təzyiq, nəzarətsizlik və oyunların stimulları xüsusi yer tutur:
"Stress, tənhalıq və diqqət əksikliyi yaşayan uşaqlar çox zaman oyunlara qaçış vasitəsi kimi baxırlar. Bundan başqa, həmyaşıdlarının oynadığı oyunlara qoşulmaq istəyən uşaqlarda bu asılılıq daha da inkişaf edə bilər. Valideynlərin elektron cihazlardan istifadəyə nəzarət etməməsi isə bu problemi daha da gücləndirir. Virtual oyunların rəngarəng, dinamik və mükafatlandırma mexanizmi uşaqların diqqətini cəlb edir".
Psixoloq qeyd edir ki, oyun asılılığı uşaqların psixoloji və fiziki sağlamlığına ciddi şəkildə təsir göstərir:
" Psixoloji təsirlər: Diqqət pozuntuları, aqressiv davranışlar, depressiya və sosial izolyasiya.
Fiziki təsirlər: Uzun müddət hərəkətsiz qalmaq bel və boyun ağrılarına, göz yorğunluğuna və hətta piylənməyə səbəb olur. Yuxu rejiminin pozulması isə çox zaman müşahidə olunur".
Oyun bağımlılığı uşaqların təhsilinə də mənfi təsir göstərir. Elnur Rüstəmov vurğulayır ki, bu vəziyyət uşaqların diqqətini toplamaqda çətinlik yaratmaqla yanaşı, dərslərə marağın azalmasına səbəb olur:
"Bu asılılıq uşaqlarda təxirəsalma vərdişi yaradır. Belə ki, uşaqlar oyun səbəbindən öyrənməyi ertələyirlər. Bu hal sonda zəif təhsil nəticələrinə gətirib çıxarır. Davamlı olaraq oyun oynayan uşaqların məktəbdəki performansları çox zaman aşağı olur".
Elnur Rüstəmov valideynlərə oyun bağımlılığı ilə mübarizə üçün aşağıdakı məsləhətləri verir:
"1. Gündəlik limitlər: Elektron cihazlardan istifadəyə vaxt məhdudiyyəti qoyulmalıdır.
2. Alternativ fəaliyyətlər: İdman, musiqi və ya ailə ilə birlikdə vaxt keçirmək oyun bağımlılığını azalda bilər.
3. Oyun nəzarəti: Uşaqların oynadığı oyunlar izlənməli və zərərli məzmunlardan uzaq tutulmalıdır.
4. Açıq ünsiyyət: Valideynlər oyun bağımlılığı və onun təsirləri barədə uşaqları ilə açıq danışmalıdırlar".
Ekspert qeyd edir ki, müəllimlər uşaqları qrup işlərinə və komanda layihələrinə cəlb edə bilər:
" Məktəblər uşaqlar üçün sosial və interaktiv tədbirlər təşkil etməli, asosial davranışları müşahidə edilən uşaqlara isə psixoloji dəstək göstərməlidir".
Psixoloq müasir oyunların məzmununun uşaqların dünyagörüşünə və dəyərlərinə təsir etdiyini vurğulayıb:
" Şiddət və aqressiya: Şiddət dolu oyunlar zorakılığı normallaşdırır və aqressiv davranışları artırır.
Reallıqdan uzaqlaşma: Virtual oyunlar uşaqlarda real həyatdan uzaq bir baxış formalaşdıra bilər.
Dəyərlərə təsir: Pozitiv məzmunlu oyunlar öyrədici olsa da, neqativ məzmunlu oyunlar yanlış dəyərləri aşılayır.
Stereotiplərin güclənməsi: Bəzi oyunlar cinsiyyət və irq stereotiplərini uşaqlara ötürə bilər".
Ekspert sonda bildirir ki, bu problemlərin qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət birgə tədbirlər həyata keçirməlidir.
Nərgiz Orucova