Sosioloji

XX əsrin 80-ci illərinin sonlarından etibarən “demoqrafik qocalma” probleminin ciddiliyi səbəbindən əksər ölkələrdə hökumətlər dövlət pensiya təminatı ilə yanaşı, qeyri-dövlət pensiya sistemini inkişaf etdirməyə başlayıblar. Keçən dövr ərzində dünyanın əksər inkişaf etmiş ölkələri pensiya sisteminin liberallaşdırılması siyasətini həyata keçirməklə, pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi və dövlətin sosial yükünün azaldılması istiqamətində ciddi işlər görüblər. Son illərdə dünyada özəl pensiya fondlarının əhəmiyyəti artmaqdadır və onlar maliyyə bazarlarında xüsusi rola malikdirlər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Bakıda keçirilən 29-cu sessiyasında (COP29) yerli özəl pensiya fondlarının investorların ehtiyacı olan kapitalı təmin etmək üçün birləşdirilməsi qərara alınıb.

İqtisadçı ekspert, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Crossmedia.az-a bildirib ki, istiqraz və səhmlərdən əldə edilmiş gəlirlər sayəsində qlobal pensiya fondlarının aktivlərinin dəyəri artaraq 2023-cü ildə 55,7 trl. ABŞ dolları olub:
 
 "P7 ölkələri (ABŞ, Yaponiya, Birləşmiş Krallıq, Kanada, Niderland, İsveçrə və Avstraliya) bu aktivlərin 91%-inə sahibdir. Pensiya fondlarının aktivlərinin dəyərinə görə P7 ölkələrinə ABŞ liderlik edir. Pensiya fondlarının aktivlərinin dəyəri 2002-ci illə müqayisədə 2022-ci ildə P7 ölkələrindən Avstraliyada 7,3, Kanadada 3,8, ABŞ-da 3,4, Niderlandda 3,3, İsveçrədə 3,2, Birləşmiş Krallıqda, Yaponiyada isə 1,4 dəfə yüksəlib. ABŞ-ın özəl pensiya fondlarının aktivlərinin dəyəri təqribən 35 trl. dollardır. Sonrakı yerlərdə Yaponiya və Birləşmiş Krallıq gəlir. Birləşmiş Krallığın özəl pensiya fondlarının aktivlərinin dəyəri 2,5 trl. ABŞ dollarından, Yaponiyanınkı isə 1,5 trl.-dan çoxdur. R.Abdullayeva bildirib ki, bir sıra ölkələrdə özəl pensiya fondlarının aktivlərinin ÜDM-ə nisbəti 100%-dən artıqdır. 2023-cü ildə bu göstərici Niderlandda 159%, İsveçrədə 150,3%, Kanadada 146,6%, Avstraliyada isə 145% təşkil edib”.
 
 
Ekspert həmçinin onu da qeyd edib ki, bəzi illərdə müxtəlif səbəblərdən (siyasi stabilliyin pozulması, müharibələr, qlobal maliyyə böhranları və s.) özəl pensiya fondlarının gəlirliyi aşağı düşsə də, ümumilikdə bu fondlar yüksək gəlirliyə malikdirlər:
 
"Hətta COVİD-19 pandemiyası zamanı da özəl pensiya fondları bir çox sahələrdən fərqli olaraq gəlirlərini artırıblar. R.Abdullayeva qeyd edib ki, dayanıqlı gələcəyə nail olmaq üçün kapitalı səfərbər etmək tələb olunur. P22 ölkələrinin özəl pensiya fondları əməkdaşlıq üçün böyük potensiala malikdir və bu potensialdan istifadə edilməsi zəruridir”.

Samirə Şərif 
 
 
 
 
 

Oxşar xəbər tapılmadı.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il