BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü keçirilib. Bu çərçivədə “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası təşkil edilib.
Crossmedia.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) olub.
Dəyirmi masa Orta Dəhliz və digər beynəlxalq dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşmanın təşviqi, qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb. Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nəqliyyat sahəsinə məsul nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz qlobal nəqliyyat sisteminin qurulmasında rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb: “Azərbaycan ekoloji dayanıqlılığı gücləndirmək, tranzit vaxtlarını və istixana qazı emissiyalarını azaltmaq üçün Orta Dəhliz boyunca rəqəmsal həllərin inteqrasiyasına sadiqdir”.
“Dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması daha səmərəli nəqliyyat və ticarət dövriyyəsi vasitəsilə karbon emissiyalarını azaltmaqla, alternativ enerji mənbələri və “ağıllı nəqliyyat” həllərindən istifadə etməklə və yalnız avtomobil daşımalarından asılı olmadan daha davamlı, dayanıqlı olan çoxsaylı nəqliyyat növlərinin inteqrasiyası yolu ilə Paris Sazişinin məqsədlərinə çatmaqda mühüm rol oynayır”, – deyə BMT Baş katibinin müavini, Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Alişahbana qeyd edib.
“Rəqəmsal dəhlizlər səmərəliliyi artıran, əməliyyatları asanlaşdıran və nəticədə daha yaşıl təchizat zəncirləri yaradan davamlı şəbəkə formalaşdırmaq üçün önəmlidir. Xəzər dənizi vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhliz davamlı, rəqəmsal inkişaf üçün böyük potensiala malik strateji marşrutlardan biridir. Məqsədyönlü səylərlə biz bu dəhlizi tam rəqəmsal və ahəngdar işləyən marşruta çevirə, xərcləri azalda, bütün maraqlı tərəflər üçün proqnozlaşdırıla bilən şəffaflığı artıra bilərik”, – deyə BMT Baş katibinin müavini və Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan vurğulayıb.
Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər nəqliyyat marşrutlarında davamlılıq və rəqəmsallaşmanı təşviq etmək üçün bu istiqamətdə son nailiyyətlər, eləcə də təşəbbüslər müzakirə olunub. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması üçün intellektual nəqliyyat sistemlərindən istifadə nümunələri nəzərdən keçirilib. İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasına təsiri, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.
Dəyirmi masada nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları da araşdırılıb. Tədbirdə qeyd edilib ki, son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan Orta Dəhlizin strateji potensialını anlayaraq nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə proaktiv sərmayə qoyub. Orta Dəhliz infrastrukturunun genişləndirilməsi indi də prioritetdir. Azərbaycan, həmçinin tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyat və dəmiryolu müəssisələrinin fəaliyyətinin sinxronlaşdırılması məqsədilə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir.
Vurğulanıb ki, ölkənin rəqəmsal strategiyasının mərkəzi komponenti Rəqəmsal Nəqliyyat və Logistika İnformasiya Sistemidir. Bu platforma dəhliz boyunca yüklərin səmərəli izlənilməsi, proqnozlaşdırılması və idarə olunmasını dəstəkləyərək şəffaflığı təmin edəcək.
Dəyirmi masanın yekunlarına dair kommunike qəbul olunub. Kommunike regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirir.