Bakıda məktəb ləvazimatı satılan mağazaların birində şagirdlərin psixologiyasına təsir edəcək qələmlər satışdadır.
Bunlar silah formasında, yaxud animasiya filmlərinin mənfi qəhrəmanlarının xırda oyuncaqlarının birləşdirildiyi qələmlərdir.
Sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə görüntülər yayımlanıb. Nisbətən münasib qiymətə təklif olunan ləvazimat bir çox azyaşlı və yeniyetmələrin diqqətini çəkir. Həmin məktəb ləvazimatının şagirdlərin şüuraltına təsir etdiyini iddia edənlər də var, heç bir ziyanı olmadığını deyənlər də.
Bəs reallıq nə yerdədir? Məsələ ilə bağlı Crossmedia.az saytına psixoloq İlhamə Musaqızı açıqlama verib:
"Gəlir mənbəyi olan bu cür qələmlər və uşağın yaşına uyğun olmayan qələmqabları, qələmyontan, bloknotlar və s. uşaq psixikasına və gələcəyinə ciddi mənfi təsir edir. Uşaq dərslikdən daha çox fikrini bu “oyuncaqlara” yönəldir və artıq gələcək həyatını belə bu istiqamətdə qurmağa başlayır. Onun üçün peşə sahibi olmaq artıq əhəmiyyətini itirir. Bu baxımdan, valideynlərin diqqətli olması vacibdir. Övladları belə əşyaları istəsələr də, valideynlər onlara nə üçün bu əşyaları almadıqlarını səbir və izahla başa salmalıdırlar".
İlhamə Musaqızı bildirib ki, eyni zamanda, bu cür əşyaları gəlir mənbəyinə çevirən satıcılar vicdanla düşünməli və belə məhsulları satışa çıxarmamalıdırlar:
"Bəzən atalar oğullarına bu cür qələm və digər arzuolunmaz əşyaları “kişi” kimi böyümələri üçün alırlar, amma bu davranışın gələcəkdə peşmançılıq doğura biləcəyini unutmamalıdırlar. Qeyd edim ki, bu cür qələmlərin və oxşar əşyaların ümumiyyətlə satışına icazə verilməməlidir”.
Gülay Qəribova