"Pygmalion təsiri"nin digər adı "Rosenthal effekti"dir. Bu, psixoloq Rozental tərəfindən 1960-cı illərdə ilk dəfə Almaniyada məktəbə təzə daxil olan uşaqlar üzərində aparılan təcrübədir.
Bu təcrübə ilə bağlı Crossmedia.az-a açıqlama verən psixiatr Azər Bağırov fikirlərini nümunə üzərində izah edib:
"Standart şəkildə uşaqları seçib, onların ortalama zəka səviyyəsini ölçüblər. Onları iki qrupa böldükdən sonra müəllimlərə, bu qruplardan birinin IQ səviyyəsinin(İngelligence Quotient-zəka səviyyəsi) yüksək olduğunu, digər qrupun IQ səviyyəsinin isə normal olduğunu deyiblər. Müəllimlər də məhz buna uyğun təyin olunub.
IQ səviyyəsi yüksək olduğu deyilən qrupun müəllimi, o qrupla ona uyğun çalışmağa başlayıb və il sonunda isə görüblər ki, həmin uşaqların IQ səviyyəsi digər uşaqlarla eyni olmasına baxmayaraq, nəticələri daha yaxşıdır.
Bu da ona işarədir ki, uşaqlardan bir gözlənti və yaxud onlar haqqında müəllimlərin fikri yüksək olduğunda, çalışqanlıqları daha da artır".
Psixiatr A.Bağırov "Pygmalion effekti"nin uşaqların nəticələrinə yüksək təsir etdiyini vurğulayıb:
"Uşaqlar haqqında ilkin bir gözləntini, o təlimçiyə verirlər və təlimçi də ona uyğun olaraq, uşaqlarla maraqlanır və məşğul olur. Müəyyən zaman sonra bu məşğul olmanın nəticəsində yüksək zəkalı insan kimi hərəkət edirlər. Bu, həmin uşaqlarda özləri haqqında da bir fikir formalaşdırır, yəni özgüvən və inam yaranır.
Zəkaları üstün olduğundan bu, onlarda problemlərin üstündən gəlmək, daha çox çaba göstərmək üçün motivasiyalar yaradır.
4-cü mərhələnin nəticələri də yaxşı olduqda, onlarla məşğul olan təlimçilərə də onların üstün zəkalı olduqları fikrini bir daha sübut etmiş olurlar".
Aysel Ağakərimova