Media və QHT

Bu gün "Azəri-Press" Agentliyinin (APA) yaranmasından 20 il keçir. Bu münasibətlə regionda və dünyada baş verən hadisələri peşə etikasının prinsiplərinə uyğun olaraq dəqiq, qərəzsiz, operativ şəkildə dünyanın müxtəlif yerlərinə çatdırmağı bacaran həmkarlarımızı Crossmedia.az adından təbrik edir, fəaliyyətlərinin uzun müddətli olmasını arzulayırıq.

Agentiliyin keçdiyi 20 illik yol və gələcək perspektivləri barəsində "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı Crossmedia.az-a danışıb:

"APA 20 ildə böyük bir yol keçib. Bu yolu keçmək üçün ən mühüm məsələ Azərbaycanda media mühitinin olması və dövlətin mediaya yaratdığı şərait olub. Əgər media mühiti yoxdursa, orada media şirkətinin yaranmasından və yaxud da fəaliyyət göstərib böyüməsindən danışmaq olmaz. APA dövlətin yaratdığı mediaya olan dəstəyi nəticəsində yaranan normal media mühitində və rəqabət şəraitində fəaliyyət göstərib. Həmişə güclü rəqiblərimiz olub. Rəqiblərlə rəqabət fonunda, dostluq çərçivəsində peşəkar etikadan kənara çıxmadan apardığımız rəqabətin nəticəsində hər zaman fərqlənməyi bacarmışıq"

Əməkdar jurnalist APA-nın bu illər ərzində qarşısına qoyduğu hədəflərindən və yeni fəaliyyətə başlayan APA Jurnalist Məktəbindən söz açıb:

"20 il müddətində APA-nın müxtəlif hədəfləri olub. Biz o hədəflərə çatdıqca özümüzə yeni hədəflər müəyyən edib, bu üçün işləməyə başladıq. Hazırda APA 5 dildə fəaliyyət göstərir. Növbəti əsas hədəflərimiz daha çox dildə fəaliyyət göstərmək, daha çox insana öz dilində xitab etmək və daha çox ölkədə ofislərimizin yaradılması üçün iş aparmaqdır. Biz APA Jurnalist məktəbini yaratdıq. Məqsədimiz o jurnalist məktəbində istehsalat şəraitində nəzəri bilikləri olan gənclərə APA istehsalatında, laboratoriyasında yeni medianın qaydalarını, ənənələrini öyrətməkdir.
Gənclərə yeni media alətləri ilə işləməyi, praktik olaraq çeviklik nəticəsində xəbərin daha tez verilməsinə nail olmağı, tez və dəqiq xəbər verilməsi üslubunun və yollarının öyrədilməsi üçün biz belə bir məktəb yaratdıq. APA Jurnalist Məktəbi APA Media Qrup-un ən son layihəsidir. Bu layihəni yaratmağımızın hələ bir ayı tamam olmayıb. Əsas hədəflərimizdən biri də bu layihəni böyütmək, onu gələcəkdə seçilən jurnalist məktəbinə, laboratoriyasına çevirməkdir"

Vüsalə Mahirqızı sonda yeni media mühitinə uyğunlaşmağa diqqət çəkərək jurnalistikanın peşədən çox həyat tərzi olduğunu bildirib:

"Yeni media, onun hər gün dəyişən transformasiyası və yeni dövrün qaydaları bizim üçün sürprizlər hazırlayır. Mən medianın yenilənməsinin və öz kollektivini yeniləməsinin tərəfdarıyam. Media işlədiyi alətləri yeniləməli, iş texnikasını günün tələblərinə uyğun qurmalıdır.
Jurnalistika peşədən çox insanların öyrəşdiyi həyat tərzidir. Bu həyat tərzinin yeni qaydaları nədirsə ona uyğunlaşıb yaşamaq lazımdır. Buna görə də daim formada qalmaq, kollektivdə təcrübəli insanlarla bərabər gənclərə də yer vermək lazımdır. Bizim hədəfimiz də hər zaman bu yeniliyə ayaq uydura bilməkdir".
 
Qeyd edək ki, agentlik 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək həmin ilin noyabr ayının16-dan fəaliyyət göstərir.


Banuçiçək Kalbalıyeva 
 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il