Mədəniyyət

Azərbaycanın qədim sənət ənənələrindən biri olan və tikmə növləri arasında xüsusi yer tutan təkalduzu dünyaya tanıtmaq məqsədilə COP29 sərgisi çərçivəsində xüsusi bir guşə yaradılıb. Bu guşə, xarici qonaqların Azərbaycan tikmə sənətini daha yaxından tanıması üçün nəzərdə tutulub. Burada tikmə ustalarından dərs almaq üçün ustad dərsləri – masterclasslar təşkil olunur.

Bu barədə tikməçi rəssam, tikməli miniatür ustası Mehriban Xəlilzadə Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki, “təkalduz” sözü “tək-tək alıb tikmək” anlamını verir və bu sənət qədim ənənələri yaşatmaqla yanaşı, yüksək səbir və bacarıq tələb edir. Hazırda Azərbaycanda təkalduzla məşğul olan cəmi 3-4 usta qalıb ki, bu da onun nadir və qorunmağa dəyər bir sənət olduğunu göstərir.

Təkalduz sənətinin ilk araşdırmaçılarından olan Mehriban Xəlilzadə qeyd edir ki, o, bu sənətin incəliklərini öyrənmək və tədqiq etmək işini öz üzərinə götürüb. Təkalduz yalnız incə tikiş işi tələb etmir, həm də onun tarixini, texnikasını və xüsusi xarakterini dərindən mənimsəməyi şərtləndirir. Bu sənət yalnız icrası ilə məhdudlaşmır, onun milli köklərini, texniki xüsusiyyətlərini və estetik dəyərini tanımaq da böyük əhəmiyyət kəsb edir:

“Məqsədimiz, gələn qonaqlara bu incə sənətin adını tanıtmaq və onun gözəlliyini göstərməkdir”.

Mehriban Xəlilzadə həmçinin qeyd edib ki, o, artıq 9 yaşından bu sənətlə məşğul olur. Anası, məşhur tikməçi və rəssam Arifə xanım Məmmədova, bu sənəti ona sevdirib. Arifə xanım Azərbaycan tikmə sənətində önəmli rol oynamış sənətkardır və bu sahədə tələbələr yetişdirərək sənətin gələcək nəsillərə ötürülməsinə töhfə verib. Onun tələbələri arasında bu sənəti davam etdirən və tanıdanlar da var.

“İndi biz də əcnəbi qonaqlara təkalduz sənətini təqdim edərək, onun dünya miqyasında daha geniş tanınmasını arzu edirik,” – deyə Mehriban Xəlilzadə bildirib:

“Təkalduz sənətində həndəsi və nəbati naxışlardan istifadə olunur və hər bir detal böyük diqqətlə işlənir. Arifə xanım Məmmədova bu sənətə yeni bir nəfəs gətirərək göstərib ki, təkalduz parçası üzərində hər cür təsviri yaratmaq mümkündür”.

Mehriban Xəlilzadə son olaraq vurğulayıb ki, bu sənətin incəliklərini və estetik dəyərini dünyaya tanıtmaqla onun layiqli yer tutacağına inanırlar.

 

 

 

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il