İstanbulda 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü münasibətilə azərbaycanlı tələbələr arasında futbol turniri keçirilir. Turnir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Türkiyənin Yıldız Texnik Universiteti tərəfindən təşkil olunub.
İdman tədbirinin açılış mərasimində Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edən TADEF-in sədri Ədalət Turan və onun müavini Pərviz Məmmədzadə yarışın keçirilməsinin əsas məqsədinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi olduğunu bildiriblər.
Futbol turnirinə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin adları - “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” olaraq adlandırılıb.
İlk görüş “Xankəndi” və “Füzuli” komandaları arasında baş tutub.
Turnirin final oyunu 8 Noyabr - Zəfər Günündə keçiriləcək.
Qalib komanda TADEF tərəfindən turnirin kuboku ilə mükaflandırılacaq. Digər komandalara isə sertifikatlar təqdim olunacaq.