Beşiktaş klubu UEFA Avropa Liqasında Maccabi Tel-Əviv ilə keçirəcəyi matçın təhlükəsizlik səbəbilə neytral meydanda oynanılacağını bəyan edib. Klubun rəsmi açıqlamasında bildirilir ki, 28 noyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan Beşiktaş-Maccabi Tel-Əviv qarşılaşması ilə bağlı lazımi yazışmalar və icazələr alınsa da, mümkün təxribat hərəkətləri nəzərə alınaraq, dövlətin təhlükəsizlik qurumları matçın neytral bir ölkədə oynanılması qərarını verib.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Beşiktaş 121 illik tarixi boyunca heç bir yarışdan çəkinməyən, mübarizəsini şərəflə aparan və qələbələrə layiqincə çatan bir komanda olaraq, UEFA Avropa Liqası oyunlarını harada olursa olsun, eyni ruh və əzmlə davam etdirəcəyini vurğulayıb. Klub Beşiktaş azarkeşlərinin də bu prosesdə təxribatçı hərəkətlərə qarşı həssas davranacağına inandığını bildirib.
Matçın keçiriləcəyi ölkə ilə bağlı Beşiktaş ilə UEFA arasında danışıqların davam etdiyi və bu məsələdə qısa müddət ərzində azarkeşlərə ətraflı məlumat veriləcəyi də əlavə olunub.
Səbinə Vahidova