Gündəm

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini sosial şəbəkələrdə “Tək və yeganə” başlığı ilə paylaşıb.

Crossmedia.az xəbər verir ki, bu paylaşım Azərbaycandakı “Qərbi Azərbaycan” anlayışına qarşı çıxış kimi dəyərləndirilir. Səfir bununla Azərbaycanın tarixi ərazilərini – İrəvan, Göyçə, Vedi, Zəngəzur və Dərələyəz bölgələrini əhatə edən “Qərbi Azərbaycan” terminini inkar etməyə çalışıb.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayəti Güney Azərbaycanın altı vilayətə bölünməsi ilə yaradılmış inzibati ərazidir. Azərbaycanın tarixi anlayışında isə “Qərbi Azərbaycan” Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarına işarə edir.

Bu cür mövqelər Fransanın Azərbaycana qarşı apardığı antitəbliğatın davamı kimi qiymətləndirilir.


Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Fransa səfirinin “Qərbi Azərbaycan” anlayışına qarşı yönəlmiş addımlarını sərt tənqid edib. Crossmedia.az-a açıqlama verən deputat bildirib ki, Fransa Ermənistanın maraqlarını müdafiə edərək Azərbaycanın tarixi həqiqətlərini inkar etmək yolunu tutub. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyinə və ədalətin bərqərar olunmasına zidd bir siyasətdir.

Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı geniş şərhində qeyd edib ki, “Qərbi Azərbaycan” anlayışı Azərbaycanın tarixi və milli yaddaşının bir hissəsidir. Bu, yalnız tarixi bir məsələ deyil, həm də xalqımızın ədalətə və öz tarixi torpaqlarına qayıtmaq haqqına dair qətiyyətini əks etdirir:“1918-ci ildə ermənilər azərbaycanlıları İrəvan, Göyçə, Zəngəzur və Dərələyəz kimi tarixi Azərbaycan torpaqlarından çıxarmağa başladılar. Daha sonra Sovet hakimiyyəti dövründə Stalin rejimi deportasiya və repressiya siyasəti ilə bu prosesi davam etdirdi. 1988-ci ildə baş vermiş sonuncu böyük köç isə Ermənistanı monomilli bir dövlətə çevirdi. Azərbaycanın Qərbi Azərbaycan adlandırdığı ərazilər bir zamanlar türklərin və azərbaycanlıların ən sıx yaşadığı bölgələr idi. Lakin bu ərazilərdə yaşayan azərbaycanlılar kütləvi şəkildə ata-baba yurdlarından qovuldu.”

Deputatın sözlərinə görə, bu məsələnin kökləri tarixə dayanır, lakin bu gün də regionun ən həssas mövzularından biri olaraq qalır:“Ermənilər təkcə Qarabağda deyil, bütövlükdə Qərbi Azərbaycan ərazilərində azərbaycanlılara qarşı sistematik təmizləmə siyasəti həyata keçirmişlər. Məqsəd həmin torpaqlarda azərbaycanlı izini tamamilə silmək olmuşdur. Bu siyasət həm Osmanlı dövründə, həm də Sovet İttifaqı dövründə davam etdirilmişdir. Azərbaycanlılar öz yurdlarından çıxarıldıqdan sonra, ermənilər tarixi saxtakarlıqlar yolu ilə bu əraziləri özününküləşdirməyə çalışdılar.”

Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi möhtəşəm qələbə, yalnız Qarabağın işğaldan azad edilməsi ilə bitməyib. Bu qələbə, eyni zamanda regionda yeni reallıqlar yaratmış və Ermənistanın havadarlarının uzun illər planlaşdırdığı layihələri alt-üst etmişdir:

“Azərbaycan İkinci Qarabağ Müharibəsində tarixi zəfər qazanaraq, öz ərazi bütövlüyünü bərpa etdi. Bu, təkcə Qarabağın azad edilməsi deyildi, həm də beynəlxalq səviyyədə qəbul edilən bir reallığın yaranması idi. Ermənistanın uzun illər həyata keçirməyə çalışdığı “erməni layihəsi” məhz bu zəfərlə puç oldu. Bu layihə, əslində, yalnız Ermənistanın deyil, eyni zamanda Fransa və digər Qərb dövlətlərinin də maraqlarına xidmət edirdi. Azərbaycan bu qələbəsi ilə təkcə öz ərazilərini azad etmədi, həm də Türk dünyasına böyük bir tarixi zəfər bəxş etdi.”

Deputat həmçinin qeyd edib ki, Fransa və digər ölkələrin Azərbaycanın uğurlarına qarşı qərəzli yanaşmaları təsadüfi deyil. Tənzilə Rüstəmxanlı bu cür mövqeləri ikiüzlü siyasətin nəticəsi kimi dəyərləndirib: “Bu gün Fransa Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyir, çünki Azərbaycanın artan gücü və uğurları onların maraqlarına uyğun deyil. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda sürətli bərpa və yenidənqurma işləri aparılır, bu ərazilər sürətlə dirçəlir. Fransa və digər Ermənistan tərəfdarları bu inkişafı qəbul etmək istəmir. Onların Azərbaycana qarşı insan hüquqları və demokratiya bəhanələri ilə hücumları ikiüzlü siyasətin bariz nümunəsidir. Axı keçmişdə Dubay və ya digər ərəb ölkələrində keçirilən beynəlxalq tədbirlərdə bu cür tənqidlər səslənmirdi. Bu cür yanaşma yalnız Azərbaycanın nailiyyətlərinə kölgə salmaq məqsədi güdür.”

Tənzilə Rüstəmxanlı əlavə edib ki, Azərbaycan xalqı Qərbi Azərbaycan məsələsində son dərəcə qətiyyətlidir və bu məsələ artıq milli bir məsələ kimi qəbul edilir: “Biz heç vaxt Ermənistan dövlətini məhv etmək istəmirik. Biz yalnız öz torpaqlarımıza, evlərimizə və yurdlarımıza qayıtmaq haqqını tələb edirik. Qərbi Azərbaycan anlayışı bizim milli yaddaşımızın və tariximizin ayrılmaz bir hissəsidir. Azərbaycan dövləti bu istiqamətdə ciddi layihələr həyata keçirir, beynəlxalq səviyyədə maarifləndirmə işləri aparır. Avropa və Türk dövlətlərində keçirilən beynəlxalq konfranslar və forumlar bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlardır.”

Deputat çıxışını Azərbaycanın milli maraqlarını qorumaq üçün mübarizəni davam etdirəcəklərini vurğulayaraq yekunlaşdırıb: “Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtmaqda qərarlıdır. Bu, yalnız bizim haqqımız deyil, həm də regionda ədalətin bərqərar olunması üçün zərurətdir. Biz Qərbi Azərbaycan məsələsində həqiqətlərin üzə çıxması və beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Heç bir təzyiq və ya qərəzli mövqe bu yolumuzdan döndərə bilməz.”

Bu bəyanatlar göstərir ki, Azərbaycan dövləti və xalqı öz milli maraqlarını qorumaq uğrunda mübarizəni qətiyyətlə davam etdirir. Fransa və digər ölkələrin birtərəfli mövqeləri isə regionda sülh və sabitlik üçün maneələr yaradır.


Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il