Asiya

Malayziya ASEAN ölkələri arasında Vyetnamla Hərtərəfli Strateji Tərəfdaşlıq (HST) quraraq onun diplomatik iyerarxiyasında ən yüksək səviyyəyə çatan ilk dövlət oldu. Bu barədə Crossmedia.az thediplomat.com saytına əsasən xəbər verir.

Bu qərar Malayziyanın Baş naziri Ənvər İbrahim və Vyetnam Kommunist Partiyasının (VKP) Baş katibi To Lam tərəfindən elan edildi. To Lam hazırda Malayziyaya üçgünlük rəsmi səfər edir və 1994-cü ildən bu yana bu ölkəyə səfər edən ilk VKP rəhbəridir.

To Lam bu tərəfdaşlığın iki ölkə arasında sülh və sabitlik üçün yeni əməkdaşlıq dövrü açacağını vurğuladı. O və Ənvər, ölkələrinin bir-birinə inkişaf yollarında dəstək göstərəcəyini və qarşılıqlı etimadı gücləndirəcəyini bildirdi. Qeyd edək ki, Vyetnam və Malayziya 2015-ci ildən strateji tərəfdaşlıq əlaqələri qurmuşdular.

Hərtərəfli Strateji Tərəfdaşlığın elan olunması ilə iki ölkə arasında əməkdaşlıq sahələrinin dairəsi genişləndirildi. Müdafiə və təhlükəsizlik, elm və texnologiya, yaşıl enerji, təhsil, insan resurslarının inkişafı, mədəniyyət, idman və turizm kimi sahələrdə birgə işlər nəzərdə tutulur. Liderlər ticarətin təşviqi və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumlarını imzaladılar. Malayziyanın Petronas və Vyetnamın PetroVietnam şirkətləri bu sahədə birgə fəaliyyət göstərəcək.

Ən mühüm razılaşmalardan biri Cənubi Çin dənizində əməkdaşlığın gücləndirilməsi ilə bağlı oldu. Hər iki ölkə, Çin Xalq Respublikasının geniş ərazi iddialarına qarşı çıxaraq, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etməyə çalışır. Birgə bəyanatda tərəflər Cənubi Çin dənizində mübahisələrin beynəlxalq hüquq, xüsusilə BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS) çərçivəsində dinc yolla həllinin vacibliyini vurğuladılar. Həmçinin tərəflərin təmkinli davranması və gərginliyi artıra biləcək addımlardan çəkinməsi tövsiyə edildi.

Bununla belə, Malayziya və Vyetnam arasında Cənubi Çin dənizindəki bəzi ərazi iddiaları səbəbindən tam həmrəylik əldə olunmayıb. Bu ay Malayziya, Vyetnamın Spratlı adalarında apardığı tikinti işləri ilə bağlı narazılığını bildirib. Bundan əlavə, Filippinlə həm Spratlı arxipelaqı, həm də Malayziyanın Sabah əyaləti ilə bağlı mübahisələr mövcuddur.

Malayziya bu razılaşma ilə Vyetnamın diplomatik iyerarxiyasında ən yüksək səviyyəyə çatan doqquzuncu ölkə oldu. Daha əvvəl bu səviyyəyə Çin (2008), Rusiya (2012), Hindistan (2016), Cənubi Koreya (2022), ABŞ (2023), Yaponiya (2023), Avstraliya (mart, 2024) və Fransa (oktyabr, 2024) çatmışdı. Malayziya ASEAN üzvləri arasında bu səviyyəyə yüksələn ilk ölkədir. İndoneziya və Sinqapurla da oxşar tərəfdaşlıqların müzakirə edildiyi bildirilir.

Dəniz təhlükəsizliyindən əlavə, yeni əməkdaşlıq iqtisadi əlaqələrin genişləndirilməsini də əhatə edir. Malayziya hazırda ASEAN daxilində Vyetnamın ikinci ən böyük ticarət tərəfdaşı və üçüncü ən böyük sərmayədarıdır. Eyni zamanda, Vyetnam Malayziyanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli ticarət dövriyyəsinin 2023-cü ildəki 13 milyard dollardan 18 milyard dollara çatdırılması hədəflənir.

Bu tərəfdaşlıq Vyetnamın hərtərəfli xarici siyasətinin – mümkün qədər çox ölkə ilə yaxın əlaqələr qurmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addımlar həm regional, həm də qlobal səviyyədə Vyetnamın mövqelərini gücləndirmək məqsədini güdür.

Gülay Qəribova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il