ABŞ-da keçirilən və bütün dünyanın diqqətini cəlb edən prezident seçkilərində qalib gələn Donald Trampın qlobal məsələlərə, xüsusilə də dünyadakı münaqişə ocaqlarına yanaşması digər ABŞ siyasətçilərindən fərqlidir. Çıxışlarında sülh tərəfdarı olduğunu vurğulayan Tramp, bir tərəfdən güclü hərbi siyasəti dəstəkləsə də, digər tərəfdən diplomatik həll yollarını təklif edir. Bununla belə, onun münaqişə ocaqlarını həll etmək gücündə olub-olmaması hələ də sual altındadır. Tramp ABŞ-ın xarici siyasətində və qlobal münasibətlərdə əhəmiyyətli dəyişikliklərə yol aça bilər. Bu, həm də beynəlxalq müttəfiqlərlə əlaqələrdə yeni istiqamətlərin müəyyənləşməsi və hərbi müdaxilələrin azalması ilə nəticələnə bilərmi? Tramp dünya siyasi səhnəsinə nə kimi yeniliklər gətirə bilər?
Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib: “Hamıya məlumdur ki, Trampın xarici siyasətlə bağlı plan və açıqlamaları var. Hesab edirəm ki, bu açıqlamalar müəyyən planlara əsaslanır. Trampın əsas diqqəti iqtisadiyyatın gücləndirilməsinə və miqrant məsələsi kimi daxili məsələlərə yönələcək. Bununla yanaşı, Trampın Rusiya-Ukrayna məsələsinə fərqli yanaşması da var. O çalışacaq ki, bu dövrdə bu məsələni öz dediyi formatda saxlamaqla həll üçün real addımlar atsın. Fikrimcə, o, hazırkı hakimiyyətin həyata keçirdiyi siyasətin əksinə, daha çox tərəflər arasında anlaşmaya nail olaraq münaqişəni həll etməyə çalışacaq. Əvvəlki açıqlamalarına əsasən hesab edirəm ki, Trampın prezident seçilməsi bizim planlaşdırdığımız işlərin həyata keçirilməsi baxımından önəmlidir.”
Trampın prezident seçilməsi, həm ABŞ-ın daxili siyasətində, həm də dünya səhnəsində əhəmiyyətli dəyişikliklərə yol aça bilər. Onun sülh tərəfdarı yanaşması və diplomatik həll yollarını önə çıxarması, münaqişə ocaqlarına qarşı yeni bir perspektiv təklif edir. Bununla belə, dünya birliyi onun münaqişələri həll etməkdə nə qədər səmərəli olacağına dair hələ suallarını saxlayır. Nəticə etibarilə, Trampın gələcəkdəki addımları, həm beynəlxalq münasibətləri, həm də qlobal təhlükəsizlik vəziyyətini müəyyən edən əsas amillərdən biri olacaq.
Ayhan Ağarzayev