Amerika

ABŞ-dəki prezident seçkilərində Donald Trampın seçilməsi dünya siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Onun verdiyi vədlərə əsaslanaraq, ilk növbədə dünya miqyasında münaqişə ocaqlarının söndürülməsinə yönəlmiş addımlar atılacağı ehtimal edilir. Eyni zamanda, xarici ölkələrlə əlaqələrin yaxşılaşdırılması da prioritetlərdən biri olacaq. Biden administrasiyası dövründə bir sıra dövlətlərlə, o cümlədən Türkiyə ilə münasibətlər gərginləşmişdi. Trampın prezident seçilməsindən sonra onu ilk təbrik edən dövlət başçılarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğan jurnalistlərə açıqlamasında bildirib: "Tramp Türkiyə ilə bağlı müsbət bəyanatlar verib. Ümid edirəm ki, o, bizim Türkiyəyə səfər etməklə bağlı dəvətimizi qəbul edəcək."

Bəs ABŞ-dəki administrasiya dəyişikliyi Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki: “ABŞ-Türkiyə arasındakı problem münasibətlərdəki qeyri-tarazlıqdadır. ABŞ müstəqil, güclü Türkiyənin mövcudluğunu hələ də həzm edə bilmir və Türkiyə ilə bərabərhüquqlu münasibətlər sistemi qurmur. Dövlətlər arasındakı münasibətləri gərginliyə daşıyan əsas səbəblərdən biri də ABŞ-ın Türkiyəyə düşmən olan PKK terrorçularını dəstəkləməsidir. Həmçinin, Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan bir terror dövləti yaratmaq istəyir ki, bu da Türkiyənin təhlükəsizliyi üçün böyük təhdiddir.”

Türkiyə və ABŞ arasındakı münasibətlərin istiqaməti ilə bağlı politoloq qeyd edir ki: “Ümumiyyətlə, Donald Trampın birinci prezidentliyi dövrünə nəzər salsaq, deyə bilərik ki, onun hakimiyyəti dövründə Türkiyə ilə münasibətlər normal səviyyədə olmuşdur. Həmçinin, Tramp Suriyadan ABŞ qoşunlarını çıxarmağa səy göstərmişdir. O, Rəcəb Tayyib Ərdoğanı dünyanın ən populyar prezidenti, Türkiyəni isə ən döyüşkən dövlət adlandırmışdır. Əgər Tramp, Biden administrasiyası kimi, Türkiyəyə düşmən dövlətlərdə hərbi baza yaratmasa, Türkiyəyə dolayı yollarla təzyiq göstərməsə və Türkiyəyə ədalətsiz sanksiyalar tətbiq edilməsə, bunlar da aradan qaldırılsa, Türkiyə-ABŞ münasibətləri yenilənə və dostluq münasibətlərindən müttəfiqlik münasibətlərinə doğru irəliləyə bilər.”

Beləliklə, Trampın rəhbərliyi altında Türkiyə-ABŞ münasibətləri yeni bir mərhələyə qədəm qoyaraq, daha səmimi və strateji müttəfiqlik münasibətlərinə doğru irəliləyə bilər.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il