Xəzərdə yükdaşıma xərcləri ciddi şəkildə artacaq - Səbəb
Xəzər dənizində suyun səviyyəsi son onilliklərdə davamlı şəkildə azalır və bu proses artıq regionun ən mühüm nəqliyyat arteriyalarından biri olan Orta Dəhlizə ciddi təhlükə yaradır. 2006-cı ildən bəri dəniz səviyyəsi təxminən iki metr enmiş və hazırda tarixi minimuma yaxın səviyyədədir. Bu azalma limanların dərinliyini azaltmaqla gəmilərin tam yüklənməsinə mane olur, daimi və bahalı dərinləşdirmə işlərini zəruri edir. Nəticədə Aktau, Kurık və Bakı limanları arasında bərə və konteyner daşımalarının həcmi və rentabelliyi aşağı düşür. Orta Dəhliz Çin, Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən strateji alternativ marşrut kimi 2022-ci ildən sonra xüsusi əhəmiyyət qazanıb. Lakin Xəzərin dayazlaşması bu marşrutun dəniz hissəsini getdikcə daha bahalı və etibarsız edir. Gəmilərin yük tutumunun 20 faizə qədər azalması, tariflərin artması və gecikmələr dəhlizin rəqabət qabiliyyətini zəiflədir. Uzunmüddətli proqnozlara görə səviyyənin daha da düşməsi limanların sahildən uzaqlaşmasına və bəzi terminaların işləməz vəziyyətə düşməsinə səbəb ola bilər. Bu isə nəinki nəqliyyat xərclərini artırır, həm də regionun tranzit potensialını və iqtisadi gəlirlərini ciddi risk altına salır. Beləliklə, Xəzərin su səviyyəsinin azalması Orta Dəhlizin gələcək inkişafı üçün həm ekoloji, həm də iqtisadi baxımdan ən böyük maneələrdən birinə çevrilir.

İqtisad elmləri doktoru Fuad Qənbərov mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması son illərin ən mühüm regional çağırışlarından biridir: “1995-ci ildən sonra su səviyyəsi demək olar ki, davamlı azalma trendinə daxil olub. Azərbaycanda bunun təsiri artıq görünür. Belə ki, rəsmi məlumatlara görə, 2025-ci ildə Xəzərin Azərbaycan hissəsində səviyyəsi son 30 ildə təxminən 2.5 metr, son beş ildə isə metr aşağı düşüb və azalma ildə təxminən 20–30 sm səviyyəsinə çatıb. Bu məsələni yalnız ekoloji problem kimi qiymətləndirmək düzgün olmaz. Əslində, bu proses iqtisadiyyat, logistika, enerji təhlükəsizliyi, ticarət və regional əməkdaşlıq baxımından da ciddi nəticələr yaradır. Xəzər Azərbaycan üçün həm təbii sərvət, həm də strateji iqtisadi resursdur. Buna görə də burada baş verən hər bir dəyişiklik ölkənin iqtisadi inkişaf perspektivlərinə birbaşa təsir göstərir”.
İqtisadçı qeyd edib ki, Azərbaycan son illərdə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyini gücləndirmişdir: “Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ölkənin iqtisadi strategiyasında prioritet istiqamətlərdən biridir. Bu baxımdan Xəzər dənzindəki dəyişikliklər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Xəzərdə su səviyyəsinin azalması davam edərsə, ilk növbədə limanların və gəmiçilik infrastrukturunun fəaliyyətinə mənfi təsir göstərə bilər. Suyun dayazlaşması gəmilərin limanlara daxil olmasını çətinləşdirə, onların daşıya bildiyi yükün həcmini məhdudlaşdıra və bəzi hallarda gəmi marşrutlarının dəyişdirilməsini zəruri edə bilər.
Bu isə nəticə etibarilə yükdaşıma xərclərinin artmasına, tranzit müddətinin uzanmasına və Orta Dəhlizin rəqabət qabiliyyətinin azalmasına səbəb ola bilər. Çünki beynəlxalq logistika sistemində əsas meyarlardan biri yalnız marşrutun mövcudluğu deyil, onun sürətli, etibarlı və iqtisadi baxımdan səmərəli olmasıdır. Ancaq Xəzər dənizinin səviyyəsinin azalmasının iqtisadi təsirlərinin qiymətləndirilməsi göstərir ki, bu prosesin nəticələrini yalnız dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin azalması ilə ölçmək düzgün deyil. 2010–2025-ci illər üzrə faktiki göstəricilərin müqayisəsi zamanı Xəzərin orta illik səviyyəsinin təxminən 1,93 metr azalmasına baxmayaraq, dəniz nəqliyyatı ilə yükdaşımaların dinamikasında eyni istiqamətli davamlı azalma müşahidə edilmir, əksinə artım var. Bu dinamika yükdaşımaların həcminin dənizin səviyyəsindən daha çox xarici ticarət, tranzit yük axınları, neft və neft məhsullarının daşınması və alternativ marşrutlardan istifadə kimi amillərlə müəyyənləşdiyini göstərir.
Aparılmış ilkin statistik qiymətləndirmə də bu qənaəti təsdiqləyir. Xəzərin səviyyəsinin illik dəyişməsi ilə dəniz nəqliyyatı vasitəsilə daşınan yükün illik dəyişməsi arasında əhəmiyyətli statistik əlaqə müəyyən edilmir. Başqa sözlə, mövcud məlumatlar əsasında dənizin səviyyəsinin hər 10 sm azalmasının yükdaşımaları konkret faiz həcmində azaltdığını söyləmək mümkün deyil. Bu səbəbdən Xəzərin çəkilməsinin iqtisadi təsirinin birbaşa “itirilmiş yük” kimi qiymətləndirilməsi nəticələrin təhrif olunmasına səbəb ola bilər. Ancaq buna baxmayaraq Xəzərdə su səviyyəsində azalmanın davam etməsi gələcəkdə ciddi iqtisadi problemlər yarada bilər.
Eyni zamanda, Xəzərin səviyyəsinin azalması liman infrastrukturu üçün əlavə investisiyaları zəruri edə bilər. Limanların dərinləşdirilməsi, yeni terminalların tikilməsi, gəmi kanallarının yenidən qurulması və daha az su oturumuna malik gəmilərdən istifadə olunması gələcəkdə mühüm məsələlərə çevrilə bilər.
Problemin iqtisadi təsirləri nəqliyyat sektoru ilə məhdudlaşmır. Xəzərin dayazlaşması balıqçılıq təsərrüfatının məhsuldarlığını azalda, sahilyanı turizm fəaliyyətini zəiflədə və enerji sektorunun dəniz infrastrukturu üçün əlavə əməliyyat xərcləri yarada bilər. Bundan əlavə, limanların, gəmiçilik kanallarının və sahil infrastrukturunun yeni hidroloji şəraitə uyğunlaşdırılması üçün əhəmiyyətli həcmdə investisiyalar tələb olunacaq ki, bu da dövlət büdcəsinə və özəl sektorun investisiya planlarına ciddi təsir edəcək.
Mən hesab edirəm ki, Xəzər dənizində su səviyyəsinin azalması təkcə ekoloji problem kimi deyil, həm də milli iqtisadi təhlükəsizlik və geoiqtisadi dayanıqlılıq məsələsi kimi qiymətləndirilməlidir. Çünki Xəzər Azərbaycanın tranzit potensialının, enerji təhlükəsizliyinin və Orta Dəhlizdə strateji mövqeyinin əsas elementlərindən biridir.
Bu baxımdan bir sıra strateji addımların atılması zəruridir. İlk növbədə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında uzunmüddətli dərinləşdirmə və liman infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması proqramı hazırlanmalıdır. Bununla yanaşı, aşağı su oturumuna malik müasir bərə və yük gəmilərinin donanmaya cəlb edilməsi daşımaların fasiləsizliyini təmin edə bilər.
Eyni zamanda, süni intellekt və rəqəmsal texnologiyalar əsasında limanların idarə olunması, gəmi hərəkətinin optimallaşdırılması və yük axınlarının real vaxt rejimində planlaşdırılması logistika səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Regional əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında ortaq monitorinq sisteminin yaradılması və koordinasiyalı qərarların qəbul edilməsi Xəzərdə yaranan risklərin idarə olunmasına töhfə verə bilər.
Nəhayət, iqlim dəyişikliyi ilə bağlı risklər Orta Dəhlizin inkişafına dair bütün strateji sənədlərə və infrastruktur layihələrinə inteqrasiya edilməlidir. Bu yanaşma yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də Azərbaycanın gələcəkdə Avrasiyanın etibarlı logistika və tranzit mərkəzi kimi mövqeyinin qorunmasına xidmət edəcəkdir”.
Ayhan
12:30 12.08.2026
Oxunuş sayı: 47