İşçilərin sağlamlığının qorunması üçün yeni qaydalar qəbul edildi
Əməyin təhlükəsizliyi işçilərin sağlamlığının qorunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması baxımından əsas məsələlərdəndir. Bu istiqamətdə Azərbaycanda daha 55 milli standartın hazırlanması nəzərdə tutulur.
“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, standartların hazırlanması ilə onların tətbiqi fərqli məsələlərdir:
“Standartların hazırlanması bir başqa məsələdir, onun tətbiqi isə başqa məsələdir. Yəni bu standartların olması hələ istehsalat qəzalarının azalmasına təsir edib-etməyəcəyini göstərmir. Bu, sonrakı işdir. Əsas odur ki, bu standartlar olmalıdır”.

S.Məmmədov qeyd edib ki, 100-dən yuxarı standart hazırlanıb və bu proses davam edir: “İndi də daha 55 milli standartın hazırlanması barədə anons verilib. İstənilən halda, bu standartlar olmalıdır. Bu standartlar hazırlandıqdan sonra artıq onların tətbiqi ilə bağlı dövlət nəzarətini həyata keçirən orqanın üzərinə başqa vəzifələr düşəcək. Hələlik isə bu standartlar hazırlanır. Bu proses xeyli əvvəl başlayıb və indi də davam etməkdədir. Hesab edirəm ki, bunların hazırlanması vacibdir”.
Zərnigar Hüseynli
17:00 11.08.2026
Oxunuş sayı: 55