Etna püskürdü: Kataniya hava limanı uçuşları dayandırdı
İtaliyanın Siciliya adasında Etna vulkanı püskürməyə başlayıb. Vulkanın aktivləşməsi səbəbindən adanın əsas hava limanı olan Kataniya hava limanı reyslərin qəbulunu müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, "Bild" bu barədə məlumat yayıb.
Məlumata görə, Kataniya hava limanının administrasiyası vulkan külünün yayıldığı ərazidə hava məkanını bağlayıb. Hava limanı Etna kraterindən cəmi 45 kilometr məsafədə yerləşir.
Məhdudiyyətlərin ilkin olaraq yerli vaxtla saat 12:00-dək qüvvədə olması nəzərdə tutulub. Bununla belə, uçuşların cədvəl üzrə həyata keçirilməsi planlaşdırılıb. Reyslərin məhdudlaşdırılmasından zərər çəkən sərnişinlər üçün "Trenitalia" əlavə qatar reysləri təşkil edib.
Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, Etna vulkanının aktivliyi Voracine kraterindən lava püskürməsi və vulkanik təkanların güclənməsi ilə müşayiət olunub.
Aviasiya təhlükəsi səviyyəsi maksimum həddə – "qırmızı" səviyyəyə yüksəldilib.
16:41 08.08.2026
Oxunuş sayı: 61