"Boeing" təyyarələri ilə bağlı təcili qərar: yüzlərlə təyyarə yoxlanılacaq
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) "Boeing 737 MAX" təyyarələrində gövdə çatlarının olub-olmadığını yoxlamaq üçün aviaşirkətlərə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə FAA-nın açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, tənzimləyici qurum bəzi köhnə "Boeing" təyyarələrinin xidmət qapılarından birinin konstruksiya gücləndirici elementində çatlar aşkar edib.
FAA-nın tələbi ABŞ-də istismar olunan 471 təyyarəyə şamil edilir. Siyahıya "737-8", "737-9" və "737-8200" modelləri daxildir.
Qurum bildirib ki, vaxtında aşkar edilməyən zədələr təyyarənin konstruksiyasının möhkəmliyini azalda bilər.
" Boeing" şirkəti isə FAA-nın göstərişinə uyğun yoxlamaların mümkün çatların kritik həddə çatmadan müəyyənləşdirilməsinə və aradan qaldırılmasına imkan verəcəyini açıqlayıb. Şirkət nümayəndəsi bildirib ki, hazırda "737 MAX" ailəsinə aid təyyarələrdə belə problem aşkarlanmayıb.
Qeyd olunur ki, yeni problem FAA-nın "Boeing"ə yeni "737" təyyarələrinin istismara verilməzdən əvvəl son təhlükəsizlik yoxlamalarını müstəqil aparmaq hüququnu qaytarmasından bir aydan az müddət sonra ortaya çıxıb. Bu hüquq 2019-cu ildə iki "737 MAX" qəzasından sonra şirkətdən alınmışdı.
"Boeing" şirkətinin səhmləri cümə günü ticarətin əvvəlində sabit qalıb. Şirkətin səhmlərinin dəyəri cari ildə təxminən 7 faiz artıb.
17:52 07.08.2026
Oxunuş sayı: 51