Bu rayonlar taxıl istehsalında hamını geridə qoydu – Siyahı
Bu il avqustun 3-nə operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 %-i biçilib.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sahələrdən 3 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49 %-i) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 %-i) arpanın, 35,9 min tonu (1,1 %-i) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.
Ötən ilin eyni tarixi ilə müqayisədə ümumi məhsul yığımı 6,2 %, o cümlədən arpa üzrə 15,9 % çox, buğda üzrə isə 2,1 % azdır. Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur, hər hektardan məhsuldarlıq isə 33,6 sentnerdən 36,5 sentnerə yüksəlib. Respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb. Göstəricilər operativdir, biçin başa çatmaq üzrədir.
16:11 07.08.2026
Oxunuş sayı: 50