Liftlərin təhlükəsizliyi necə təmin olunmalıdır?
Bakıda liftin təmiri zamanı baş verən bədbəxt hadisə ölümlə nəticələnib. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, lifti təmir edən usta iş zamanı yıxılaraq ağır xəsarətlər alıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, lift təmiri zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması həyati əhəmiyyət daşıyır:
"İşə başlamazdan əvvəl risk qiymətləndirilməsi və yazılı iş icazəsi hazırlanmalı, lift elektrik və digər enerji mənbələrindən ayrılaraq kilidlənib nişanlanmalıdır. Kabina və əks-yük mexaniki şəkildə sabitlənməli, şaxta girişləri baryer və xəbərdarlıq nişanları ilə bağlanmalıdır. Düşmədən mühafizə kəməri və etibarlı anker nöqtəsindən istifadə edilməli, iş səriştəli briqada, məsul nəzarətçi, daimi rabitə və xilasetmə planı ilə həyata keçirilməlidir. Təkbaşına işləməyə və qoruyucu sistemlər çıxarılmış halda liftin hərəkət etdirilməsinə yol verilməməlidir. Bu yanaşma AZS BS 7255:2024 'Liftlərdə təhlükəsiz iş' standartına və hündürlükdə iş qaydalarına uyğundur".
Ekspert ehtimal olunan risk amillərinə də diqqət çəkib:
"İlkin ehtimallardan biri enerji izolyasiyası və mexaniki sabitləmənin yetərsiz olması, risk qiymətləndirilməsinin formal aparılması və ya ümumiyyətlə aparılmaması, şaxtanın lazımi qaydada qorunmaması, işə operativ nəzarətin zəifliyi, tək işləmə və obyekt rəhbərliyi ilə təmir təşkilatı arasında koordinasiya çatışmazlığıdır. Yüksək riskli işlərdə təhlükəsizlik prosedurlarının hər hansı birinə əməl edilməməsi ağır, hətta ölümcül nəticələrə səbəb ola bilər".
Nigar Xəlilli
17:00 07.08.2026
Oxunuş sayı: 46