Cərimə ilə tərbiyə olmaz
Qanunvericiliyə edilən son dəyişikliklərlə bir sıra qaydaları pozan vəzifəli və hüquqi şəxslər üçün tətbiq olunan cərimələrin məbləği artırılır. Məqsəd qanun pozuntularının qarşısını almaq, hüquq qaydalarına əməl olunmasını gücləndirmək və cəmiyyətdə nizam-intizamı təmin etməkdir. Lakin mütəxəssislər hesab edirlər ki, cərimələrin sərtləşdirilməsi təkbaşına bütün problemlərin həlli demək deyil. Hüquqi məsuliyyətin artırılması ilə yanaşı, maarifləndirmə, hüquqi savadlılığın yüksəldilməsi və ictimai şüurun formalaşdırılması da eyni dərəcədə vacibdir. Əks halda, yüksək cərimələr gözlənilən nəticəni verməyə və hətta cəmiyyətdə əks reaksiya yaratmağa səbəb ola bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, cərimələrin artırılması cəmiyyətin islah olmasına kömək edir: "Amma burada başqa bir sual yaranır: görəsən, cərimələrin artırılması yeganə yoldur, yoxsa başqa yollar da var? Mən elə düşünürəm ki, bəzən cərimələrin artırılması cəmiyyətin islah olunmasına yox, əks nəticə verə bilər. Ona görə də təkcə cərimələrin artırılması ilə məqsədimizə çata bilmərik. Bəli, cərimələr lazımdır, vacibdir. Amma təkcə cərimələrmi? Bəs əxlaq, maarifləndirmə, təlimlər, insanların hüquqi savadının artırılması, qanunlarla bağlı maarifləndirmə işləri? Bunlar aparılmadan birbaşa cərimələrin yükünü artırmaq nə dərəcədə doğrudur? Mən bu məsələyə bir qədər tərəddüdlə və fərqli yanaşıram”.
Sosioloq qeyd edib ki, o, cərimələrin olmasını dəstəkləyir: "Amma təkcə cərimələrin birtərəfli artırılması cəmiyyətdə islahata kömək edə bilərmi? Bunu tam deyə bilmirəm. Elə etmək lazımdır ki, cərimələrin artırılması insanlarda dövlətə, qanuna və hüquqa qarşı nifrət yaratmasın. İnsanlar cərimələri ödəyə-ödəyə daxilən aqressiya hiss etməsinlər. Məncə, bu, doğru yanaşma deyil. İnsan cəriməni dövlətə dəstəyin bir hissəsi kimi qəbul etməlidir. Bu, əxlaq fəlsəfəsində də sübut olunmuş yanaşmadır. Hüquqi maarifləndirmə elə səviyyədə aparılmalıdır ki, insanlar cərimənin mahiyyətini başa düşsünlər, onu niyə ödədiklərini və bunun sosial tənzimləmədə hansı rola malik olduğunu dərk etsinlər. Məsələ məhz bundadır. Hüquqi maarifləndirmə aparılmalıdır, təkcə cərimələr yox. Amma ümumilikdə düşünürəm ki, cərimələrin də öz rolu var".
Zeynəb Həsən
12:00 07.08.2026
Oxunuş sayı: 64