"Nar mobile" Azərbaycan dilinin qaydalarını pozur - "Uyghun", "aktivleshdi"...
Azərbaycan dili dövlətin əsas atributlarından biridir və onun qorunması, düzgün tətbiqi yalnız dövlət qurumlarının deyil, həm də milyonlarla vətəndaşa xidmət göstərən özəl şirkətlərin məsuliyyətidir. Dövlət dili haqqında qanunvericilik də rəsmi yazışmalarda, elanlarda və istehlakçılara təqdim olunan məlumatlarda Azərbaycan dilinin qrammatik və orfoqrafik normalarına əməl olunmasını tələb edir.
Lakin görünən odur ki, bəzi şirkətlər bu məsuliyyətə lazımi həssaslıqla yanaşmır. Belə nümunələrdən biri də ölkənin aparıcı mobil operatorlarından olan "Nar mobile"nin abonentlərə göndərdiyi SMS bildirişlərində müşahidə olunur. Redaksiyamıza daxil olan görüntülərdə mesaj mətnində Azərbaycan əlifbasına və orfoqrafiya qaydalarına uyğun olmayan "Uyghun", "aktivleshdi", "muddeti", "uchun", "vaxtinda" kimi ifadələrdən istifadə edildiyi açıq görünür. Halbuki bu sözlər Azərbaycan dilində müvafiq olaraq "uyğun", "aktivləşdi", "müddəti", "üçün", "vaxtında" formasında yazılmalıdır.
Məsələnin narahatlıq doğuran tərəfi ondan ibarətdir ki, sözügedən mesajlar tək-tək şəxslərə deyil, milyonlarla abonentə göndərilir. Kütləvi kommunikasiya vasitəsi olan SMS-lərdə dövlət dilinin normalarına əməl edilməməsi cəmiyyətdə yanlış yazılışların yayılmasına səbəb ola, xüsusilə də uşaqların və gənclərin dil vərdişlərinə mənfi təsir göstərə bilər.
Azərbaycan dilinə hörmət yalnız bayram günlərində səsləndirilən şüarlar və bəyanatlarla ölçülmür. Dilə hörmət hər gün milyonlarla insana göndərilən bir SMS-də, mobil tətbiqlərdə, reklam mətnlərində və rəsmi yazışmalarda onun qaydalarına riayət olunması ilə başlayır. Xüsusilə ölkənin aparıcı şirkətləri bu məsələdə nümunə olmalı, dövlət dilinin düzgün tətbiqinə xüsusi həssaslıq göstərməlidirlər.
Bu barədə şirkətə sorğu ünvanlamışıq. Məsələ ilə bağlı açıqlama verilməsə də ümid edirik ki, bu xəbərimizdən sonra problem tezliklə həllini tapar.
Məhəbbət Tərlanoğlu
15:45 05.08.2026
Oxunuş sayı: 1201