Şəkillərdə yaşayan tarix: Reza Deqati diaspor gəncləri ilə görüşüb
Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində dünya şöhrətli fotojurnalist Reza Deqatinin gənclərlə görüşü olub. Crossmedia.az xəbər verir ki, tanınmış fotoqraf uzun illər ərzində dünyanın müxtəlif bölgələrində lentə aldığı fotolardan ibarət təqdimatla çıxış edib.
Təqdimatda fərqli xalqların adət-ənənələrini, gündəlik həyatını və mədəni müxtəlifliyini əks etdirən fotolarla yanaşı, müxtəlif ölkələrdə baş vermiş müharibələrə aid şəkillər diaspor gənclərində dərin təəssürat yaradıb.
Təqdimatın mühüm hissəsini Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi dağıntıları göstərən kadrlar təşkil edib. Viran qoyulan şəhər və kəndlər, məhv edilən tarixi-mədəni irs nümunələri, Qarabağ münaqişəsinin insanların taleyində açdığı sağalmaz yaralar fotoobyektivin dili ilə nümayiş olunub.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək möhtəşəm təqdimata görə Reza Deqatiyə təşəkkürünü bildirib, belə görüşlərin gənclərin Vətənə bağlılığının möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Gənclər Reza Deqatiyə Azərbaycan həqiqətlərinin, xalqımızın tarixi yaddaşının və milli-mədəni irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
12:40 04.08.2026
Oxunuş sayı: 49